Jalə Ələkbərova: “Hər dəqiqə sənə nəyisə baha satmağa çalışırdılar” Jalə Ələkbərova: “Hər dəqiqə sənə nəyisə baha satmağa çalışırdılar”
  • Hadisə
  • 11 Dekabr 2018 10:28
  •  5 005

“Məni Makedoniyada avtobusda unudub getdilər” – Tanınmış blogerlə söhbət

Jalə Ələkbərova: “Hər dəqiqə sənə nəyisə baha satmağa çalışırdılar”

AzNews.az-ın “30 altı” layihəsinin bugünkü müsahibi “Youtube” video portalında “Uzaq sahillərdə” kanalının sahibi, səyahətçi Jalə Ələkbərovadır.

Jalə xanım suallarımızı, elə yol üstə - təyyarədəcə cavablandırdı.

- Səyahət etmək sizin üçün nədir?

- Yeni məkanlar, yeni insanlar, yeni təamlar və sözsüz ki, özümü kəşf etmək.

- Səyahət etdiyiniz ölkədə sizi ən çox nə maraqlandırır?

- Tarixi tikililər, gözəl baxış məntəqələri, kilsələr, çimərliklər və ekstrimal əyləncələr.

- “Uzaq sahillərdə” başınıza hansısa qeyri-adi hadisə gəlib?

- Hadisələr çox olub, hətta deyə bilərəm ki, hadisələr səyahəti daha da maraqlı edir. Çünki hər hadisədən bir dərs çıxara bilirsən. Məsəl üçün, məni bir dəfə Makedoniyada, Bolqarıstana tək səyahət edərkən avtobusda unudublar. Bəli, bəli, unudublar! Avtobus nasaz olduğu üçün bütün sərnişinlər digər avtobusa keçib, mən isə yatdığım üçün məni narahat etmək istəməyərək avtobusda unudublar .

- İndiyədək neçə ölkədə olmusunuz?

- 7 il ərzində 21 ölkəyə səyahət etmişəm.

- Ən unudulmazı hansı olub?

- Daha çox Avropa ölkələrinə səyahət etdiyim üçün Mərakeşə getdikdə heyran qaldım. Şərq mədəniyyətini sevdiyim üçün və sözsüz, Avropadan tamam fərqli olduğu üçün məni çox təəccübləndirdi. Sözsüz ki, Mərakeş özü-özlüyündə çox rəngarəng, gigiyenik olmasa belə, çox dadlı idi. Çox yardımsevər insanları var idi. Lakin hər dəqiqə sənə nəyisə baha satmağa çalışırdılar.

- Hansında yenidən olmaq istərdiniz?

- Barselona, Nitsa, Portuqaliya.

- Sosial şəbəkələrdə insanlara səyahətin sərfəli yollarını izah edirsiniz. İzləyicilər sizi yormur?

- Əlbəttə, yorurlar bəzən. Şəxsi suallar verən, mövzunu qoyub, mənim səyahətlərimin kim tərəfindən maliyyələşdirildiyini düşünən... İlk dəfədən “sən” deyə səmimi şəkildə müraciət edən əks cins nümayəndələri...

- Hansı məsələlərlə bağlı sizə daha çox suallar verilir?

- Daha çox suallar verilir, Gürcüstan, Türkiyə ilə bağlı. Həmcinin EVS, Eramus + layihələri və ümumilikdə, ucuz biletlər ilə bağlı...

Səidə Nurməmmədli
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description