"Sonra öz övladlarıma daha çox sarılıram" - İlahə Həsənova "30 Altı" layihəsində

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla zaman keçirməyə çalışırıq.

AzNews.az-ın "30 Altı" layihəsinin budəfəki müsahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin üçüncü kurs tələbəsi, Universitetin Tələbə Gənclər Təşkilatı idarə heyətinin sədri İlahə Həsənovadır.

- İkinci təhsilinizi alırsınız. Necə oldu ki, bu qərara gəldiniz?

- Əslində məcburi deyildi. Sadəcə mən istədiyimi, yəni memarlığı qazana bilməmişdim. Hər bir insanın həyatında bir dönüş nöqtəsi olur və sırf o an anladım ki, hələ də bu təhsili istəyirəm və bacardım.

Bilirsiniz, əslində “Memarlıq” arzum olmasa idi, yenə də ikinci təhsili düşünəcəkdim. Hətta indi də magistratura üçün hazırlaşıram, daha sonra qismət olarsa, doktorantura və s... yəni təhsili dayandırmaq fikrim yoxdur.

- Universitetinizin Tələbə Gənclər Təşkilatının sədrisiniz...

- Bəli, elə birinci kursdan. Artıq bu il üçüncü ilimizi tamamlayacağıq. Əslində tələbə olsam da, olmasam da mən hər kəslə dil tapmağı, kollektivlə işləməyi bacarıram. Hələ məktəb vaxtlarımda “Şahinlər” hərbi komandasının kapitanı, ikinci sinifdən məktəbi bitirənə kimi sinif nümayəndəsi olmuşam. Hər zaman, istər təhsilimdə, istərsə də ictimai fəaliyyətimdə şagirdlər arasında fərqlənmişəm.

-Təbii, bu məsuliyyətli işdir. Amma yəqin ki, tələbə olduğunuz üçün digər tələbələrlə yaxşı yola gedirsiniz?

-Olduqca məsuliyyət və səbr tələb edən işdir. Əvvəla, sən həm təhsil aldığın müəssisəni, daha sonra üzvü olduğun tələbə təşkilatını və lazım gəlirsə, ölkə xaricində Vətənini təmsil edirsən. Hələ bir də üzərinə böyük tələbə kütləsi gəlirsə, məsuliyyət daha da artır.

-Təhsil, işlə yanaşı ana olmaq, uşaqlarla vaxt keçirmək çətin deyilmi?

-Hər zaman demişəm, bir insanın istəyib edə bilməyəcəyi heç nə yoxdur. Əslində təhsildən, bütün işlərdən sonra onlarla vaxt keçirmək özü bir terapiyadır. Biz hər şeydən öncə onlarla dostuq. Ümumiyyətlə, valideyn olmağın özü böyük məsuliyyətdir. Çünki sənin övladların sənin hər addımını izləyib nümunə götürürlər. Və məhz onlar üçün nümunə olmalıyam.

-Sosial şəbəkələrdəki paylaşımlarınızdan görünür ki, kimsəsiz uşaqlar evinə tez-tez baş çəkirsiniz.

-Bəli. Sizin gördükləriniz çox az bir hissədir. Zaman tapdıqca valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkməyə çalışırıq, çünki onların buna ehtiyacı var. Düzü, hər dəfə onların yanından qayıdandan sonra özümü toparlamağım zaman alır. Və sonra öz övladlarıma daha çox sarılıram.

-Əgər boş vaxtınız olarsa, onu ən mükəmməl şəkildə keçirmək üçün nə edirsiniz? Hansısa bir hobbiniz varmı?

- Əslində “boş zaman” deyə bir anlayış yoxdur, mənim üçün “boşa keçən zaman” anlayışı var, amma sağlamlıq üçün mütləq idmana yer ayırıram. Və xüsusi hobbim səyahətə çıxmaq və mütaliə etməkdir. Bu səyahət bir gün də davam edə bilər. Mühüm olan onun baş tutmasıdır. Necə deyərlər, bir günün özü də yadda qalan bir ömürdür.

Səidə Vahid

AzNews.az

image description image description image description image description image description image description image description image description