Prezidentin sərəncamı bütün kollektivi ağlatdı - Novruz Qartal

Ən aşağı əmək haqqı alan əməkdaşımızın aylıq qazancı 80-100 manat artacaq.

AzNews.az-ın "Morze əlifbası" layihəsinin bu günki qonağı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, əməkdar artist Novruz Qartaldır.

- Novruz müəllim, prezident İlham Əliyev Musiqili Teatrla bağlı sərəncam imzaladı. Həmin sərəncama görə, Musiqili Teatr “Akademik” statusu aldı. Bununla bağlı nə deyə bilərsiniz?

- Musiqili Teatra “Akademik” statusu verdiyinə görə, qocaman və bu teatrda əziyyəti olan aktyor kimi prezident İlham Əliyevə dərin təşəkkür edirəm. Sağ olsun, onun sayəsində bizim teatr Azərbaycan Dövlət Akademik Musiqili Teatrı adlanacaq. Bu sərəncam teatrın bütün kollektivini ağlatdı. Mən də xəbəri eşidən kimi sevindiyimdən uşaq kimi ağladım. Bundan əlavə əmək haqqlarının artırılması, teatrların inkişafına pul ayrılması aktyorların yaşayış güzəranının yaxşılaşmasından xəbər verir. Teatrımızın status almasında xalq artisti Afaq Bəşirqızının da rolu olub. Afaq xanım bir neçə gün öncə prezidentlə sənət adamlarının arasında keçirilən görüşdə iştirak edəndə çıxışında bu məsələni qaldırmışdı. Prezident Afaq xanımın bütün çıxışını dinlədi. Nəticəsi də göz qarşısındadır. Hamı bilir ki, Ulu öndər Heydər Əliyev Azərbaycan teatr sənətini çox sevirdi, biz sağlığında onun qayğısını həmişə hiss etmişik, problemlərimizi həll edib. Ulu öndər teatra gələrdi, tamaşalara baxardı, sonda da aktyorlarla görüşərdi. İndi də həmin ənənəni prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva davam etdirir. Bütün teatr adından İlham Əliyevə "çox sağ olsun" deyirik. Çalışacağıq ki, onun bizə göstərdiyi etimadı doğruldaq və akademik teatrın adına layiq tamaşalar təqdim edək.

- Ümumiyyətlə, Musiqili Teatrın “Akademik” statusu almasını gözləyirdinizmi? Yəni, bu məsələ ilə bağlı teatrın rəhbərliyi hansısa quruma müraciət etmişdimi?

- Bildiyimə görə, bununla bağlı heç bir quruma müraciət olunmayıb. Kimin ağlına gələrdi ki, Afaq xanım belə bir çıxış edəcək, illərdir ki, kollektivin ürəyindən keçən arzunu birbaşa prezidentə deyəcək. Biz buna nail olduq. Afaq xanım tək Musiqili Teatrın deyil, bütün Azərbaycan teatrlarının adından danışdı. Onun çıxışından sonra prezident teatrla bağlı bir-birinin ardınca sərəncamlar imzaladı. Sadəcə bu problemləri prezidentə demək lazım idi. Akademik teatrın akademik maaşı olur. Ən aşağı əmək haqqı alan əməkdaşımızın aylıq qazancı 80-100 manat artacaq. Bu, aktyorların güzəranının yaxşılaşmasına kömək edəcək.

- Xalq artisti Afaq Bəşirqızının çıxışı xalq tərəfindən coşqu ilə qarşılanıb. Bəs, aktrisanın çıxışı Musiqili Teatrın özündə necə müzakirə edildi?

- Teatrda iclas keçirildi, direktor Əliqismət Lalayev Afaq Bəşirqızını təbrik elədi. Biz iclasda prezidentə məktub ünvanladıq.

- Bəzi sənət adamları görüşə dəvət almamasına görə giley-güzar edib. Həmin görüşdə Musiqili Teatrdan neçə nəfər iştirak edib?

- Hər teatrdan bir nəfər dəvət olunmuşdu. Bizim teatrdan da Afaq Bəşirqızı iştirak edirdi. Görüşdən sonra prezident Rasim Balayevə telefon edib. Bu, onun böyüklüyündən xəbər verir ki, sənətkara şəxsən özü zəng edib. Ulu öndər də sağlığında belə edərdi. Hansısa aktyora nəsə verəndə həmişə ona telefon edib əvvəlcədən təbrik edərdi. İlham Əliyev də Ulu öndərin siyasətini davam etdirən prezidentdir.

- Bütün bunlardan sonra yəqin aktyorların məsuliyyəti artar...

- Bəli, aktyor öz obrazını canla-başla oynamalı, teatrda işini qoyub o yan-bu yana qaçmamalıdır. Bütün aktyorların nəzərinə, prezidentin bizə göstərdiyi etimadı doğrultmalıyıq. Buna görə də aktyorların üzərinə böyük məsuliyyət düşür. Bundan sonra Azərbaycan teatrının səs-sorağı yaxşı mənada uzaqlardan gəlməlidir.

- Novruz müəllim, əgər siz həmin görüşdə iştirak etsəydiniz, prezidentdən nə istəyərdiniz?

- İnanın səmimiyyətimə, özümün problemlərimin birini də dilimə gətirməzdim. Ancaq Afaq xanımın təkliflərini səsləndirərdim, aktyorların maaşlarının artırılmasını xahiş edərdim.

- 72 yaşınız var, ömrünüzün çoxu gedıb, amma hələ də kirayədə yaşayırsınız...

- Bəli, ümidimi itirməmişəm. Yəqin ki, mart-aprel ayında mənim də üzüm gülər. 52 ilin zəhməti hədər getməz. Buna inanıram.

Bahar RÜSTƏMLİ

AzNews.az