Hər toyda nəsə bir hadisə baş verir Hər toyda nəsə bir hadisə baş verir

Dilinə içki dəyən kimi qalstukunu açır, şalvarı düşür… - Elnur İzzətoğlu

Hər toyda nəsə bir hadisə baş verir

AzNews.az-ın “Morze əlifbası” layihəsinin qonağı müğənni Elnur İzzətoğludur.

- Elnur bəy, eşitdiyimizə görə siz müxtəlif janrlarda musiqi ifa edirsiniz. Xalq artisti Zabit Nəbizadənin tələbəsi kimi bu, sizə çətinlik yaratmır ki?

- Qətiyyən, mən hərtərəfi sənətçiyəm. Muğam, xalq və bəstəkar mahnıları ifa edirəm. Repertuarımda toy mahnıları da var.

- Dövlət tərəfindən muğam sənətinə böyük dəstək var. “Muğam” müsabiqələrində iştirak etməmənizin səbəbi nədir?

- Muğam sənətinə dövlətin diqqəti və qayğısı danılmazdır və bu, ildən-ilə artır. Çoxları bu sənətə bəlkə də bu üzdən gəlir. Amma mən muğamı bilsəm də özümü bu sənətində görmürəm. Düzdür, muğam oxuyuram, qonaqlar el şənliklərində dəstgahlar sifarişlər verirlər. Muğam dərslərində iştirak edirəm. Hətta gələcəkdə məqsədim muğama dərindən yiyələnməkdir. Amma bütün yaradıcılığımı muğama həsr etmək kimi fikirim yoxdur. İndi dövran başqadır. “Muğam” müsabiqələrinə qatılmaq üçün gərək bütün gününü muğama həsr edəsən, işin-gücün, fikrin bu sənətdə olmalıdır. İstəsəm də bunu edə bilməyəcəm, çünki böyük ailəmiz var, hamısının gözü məndədir.

- Toylara gedirsiniz?

- Əlbəttə, bu zəmanədə elə bir müğənni yoxdur ki, toya getməsin. Əlinə mikrofon alıb səhnəyə çıxan kim varsa hamsı toydan dolanır. Bunu danmaq lazım deyil. Toy olmasa, sənətçilər dolana bilməz. Bizləri dolandıran xalq və el şənliyidir.

- Sənət adamları müsahibələrində toyların azlığından giley-güzar edir. Siz necə düşünürsünüz?

- Yox, yalandır, kim deyirsə, özünü bədnəzərdən qoruyur. Elə müğənni var ayda 5-6 toya gedir. Bu da onun aylıq qazancıdır. Amma mən ayda 30 gün toydayam. Hətta bəzən elə gün olur bir gündə iki toyda oxuyuram. Toylarımız azalmayıb, əksinə artıb. Kimki toya az dəvətdən gileylənir, onlar yuxarıdan gedir, şadlıq evinin rəhbərliyindən çox qonarar tələb edir. Belə olanda əlbəttə ki toysuz qalarsan. Sənə nə verdilər, Allah bərəkət versin…

- Sirr deyilsə, toy qiymətiniz neçəyədir?

- Bu gün şadlıq evlərində böyük qiymət yoxdur, çünki onların sayı şoxdur. Biz şadlıq evinin rəhbəri ilə müqavilə imzalayırıq. Deyir ki “Sənə hər gün toy verirəm, amma sən mənə qiymət oxuma, restoran özü qonarar təyin edəcək”. Şadlıq evlərində ən yüksək qiymət 150-200 manat arasındadır. Hər gün toyum olduğundan aylıq qazancım 5 minə yaxın olur. Bundan əlavə kənar toylar da olur, hansı ki, ora ansamblımla gedirəm. Belə toyların qiyməti 1500-2000 manat arasındadır.

- Müğənnilər toy qiymətlərini qaldırmaq üçün özlərinin anti-reklamlarını qururlar. Belə reklamlara necə baxırsınız?

- Anti-reklamın özü də bir reklamdır. Amma bu qalmaqallar hər kəsdə tutmur, onun ziyanlı tərəfləri də var. Bəzən bilmədən özünü hörmətdən salırsan. İnsan özünü niyə hörmətdən salsın ki? Gələcəyi də düşünmək lazımdır. Balaca bir səhvdən özünü məhv edə bilərsən, qabağa sənətlə getmək lazımdır.

- Sənətçilər bütün yaradıcılğını İnstagram səhifələrində qurur. Gün ərzində hara gedir, nə alır, nə geyinir, nə yeyir, kiminlə görüşür, bir sözlə aldığı nəfəsə kimi səhifəsində paylaşır…

- Bəli, hamısı bütün günü sosial şəbəkədədir. Pis baxmıram, çünki hər kəs müğənninin özəl həyatı ilə maraqlanır. Müğənni də onları intizarda qoymur. Bütün şəkillər, videolar müğənninin fəaliyyətinə gönəlir. İndi bütün xalq sosial şəbəkədədir, əsasən də İnstagramda. Zəmanə ilə ayaqlaşmaq lazımdır. İnsanlar qısa zamanda tanınmağın yolunu axtarır. İrəli getmək lazımdı, hətta lazım olanda reklamlara pul da qoymaq tələb olunur.

- Sənət adamlarının böyük əksəriyyəti el şənliklərində xoşagəlməz hadisələrlə qarşılaşır. Siz necə, toyda döyülmüsünüz?

- Toyda qəribə hadisələr olur. İçki məclisidir də. Orada insanları anlamaq lazımdr. Hətta mikrofonu da əlimizdən alanlar olur. Biz bu hallara öyrəncəliyik. Toyda baxırsan ki, hansısa səviyyəsiz qalstukla içəri girir. Dilinə içki dəyən kimi qalustukunu açır, şalvarı düşür, özünü itirir, yaman günə düşür. Belələri də gəlib musiqiçilərə ilişir. Hər toyda nəsə bir hadisə baş verir.

Bahar RÜSTƏMLİ

AzNews.az