Ermənistanda əsas mübarizə Paşinyan hakimiyyəti ilə Qarabağ klanı arasında olacaq Ermənistanda əsas mübarizə Paşinyan hakimiyyəti ilə Qarabağ klanı arasında olacaq
  • Hadisə
  • 27 Sentyabr 2019 17:43
  •  4 820

Azadinform: Bu, Paşinyanın sonunun başlanğıcı ola bilər – Deputat

Ermənistanda əsas mübarizə Paşinyan hakimiyyəti ilə Qarabağ klanı arasında olacaq

“Ermənistanın Baş naziri Nikol Paşinyan əslində çox böyük bir dilemma qarşısında qalıb. O çox gözəl bilir ki, ölkəsini düşdüyü ağır böhrandan çıxarmağın yeganə yolu işğala son qoymaqdan keçir. Amma bu istiqamətdə addım atsa, yəni ölkəsini bu fəlakətlərdən çıxarmaq üçün real işlər görsə bu ona qarşı əsas cəbhə açan Dağlıq Qarabağ klanı ilə çox ciddi toqquşmalarına səbəb olacaq”.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ klanı artıq Paşinyanı milli xəyanətdə və dönüklükdə ittiham edir: “Belə bir konstruktiv mövqe ortaya qoyarsa, bu, Paşinyanın vətənə xəyanəti ittihamı ilə nəticələnə bilər. Bu isə Paşinyanın sonunun başlanğıcı ola bilər. Digər məsələ ondan ibarətdir ki, Paşinyan güzəştə getməyəndə, populist, avantürist mövqe ortaya qoyduqda, o vətənə xəyanətdə ittiham olunmur, amma ölkəsindəki böhran daha da dərinləşir və Ermənistan uçurumun lap astanasına gəlib çıxır. Paşinyan çıxış yolun vaxtı udmaqda görür. Vaxtı udmaq üçün də bir yandan çox təxribatçı bəyanatlar verir – “Dağlıq Qarabağ Ermənistandır” deyir, Qarabağ xalqından danışır, beynəlxalq hüququn yalnız xalqların öz müqəddəratını təyin etmək hüququnu tanıyır. Onun bütün bu davranışı Ermənistanın ağır vəziyyətini daha da dərinləşdirir. Ona görə də hazırkı vəziyyətdə Paşinyanın bu davranışı qeyd etdiyim kimi özünü hifz etmək və qorumaqdan ibarətdir. Elə bəyanatlar verir ki, onların hesabına zamanı udmaq istəyir. Zaman isə getdikcə Paşinyanın əleyhinə işləyir”.

E. Nəsirov əlavə edib ki, bu cür bəyanatlar verməklə özünün prinsipial, qətiyyətli bir imicini formalaşdırmaq üçün ictimaiyyəti müəyyən müddət aldada bilər: “Amma nə vaxta qədər? Axı, xalq artıq yalanlara inanmaq istəmir, xalq artıq tələb edir ki, Paşinyan onları ağ günə çıxarsın. Onlar deyir ki, “biz Sarkisyanı niyə devirdik? Ona görə devirdik ki, biz ağır iqtisadi və sosial vəziyyətdə yaşayırdıq, ölkəni tərk edirdik”. Lakin Paşinyan da elə bir siyasi vəziyyət keçirir ki, o heç bir halda Sarkisyanın siyasətindən fərqlənmir. İnsanların sabahkı günə inamları yoxdur. İş o yerə gəlib çatıb ki, Paşinyanın parlamentdə olan “Mənim addımım” partiyası belə bir çox hallarda onun mövqeyinin əleyhinə davranış ifadə edir”.

“Paşinyanın beynəlxalq aləmdə də mövqeyi kifayət qədər zəifdir və Rusiyanı müttəfiqi sayır”, - deyən deputat vurğulayıb ki, lakin Rusiyanın prezidenti Vladimir Putin Paşinyanın özü üçün düşmən hesab etdiyi Köçəryanla dostluq münasibəti saxlayır, onu 65 yaşı münasibətilə təbrik edir, hətta dostluq ordeni ilə təltif edir: “Ermənistan rəhbərliyinin əsas rəqibi olan Dağlıq Qarabağ klanını səhnədən uzaqlaşdıra bilsə hesab edirəm ki, o zaman Paşinyandan real və konstruktiv addımlar gözləyə bilərik. Ona görə də zənnimcə, Ermənistanda əsas mübarizə Paşinyan hakimiyyəti ilə Qarabağ klanı arasında olacaq. Bu mübarizədə Paşinyan qalib gələ bilsə düşünürəm ki, münaqişənin həlli ilə bağlı onun konstruktiv mövqe ortaya qoyması üçün müəyyən pozitiv məqamlar formalaşa bilər”.

Ləman Hüseynzadə

AZADİNFORM