“Dayım Əflatun Amaşovla jurnalistikaya, cəmiyyətə baxışlarımız bir-birindən fərqlənir” “Dayım Əflatun Amaşovla jurnalistikaya, cəmiyyətə baxışlarımız bir-birindən fərqlənir”
  • Hadisə
  • 20 Noyabr 2019 16:57
  •  56 389

"Modern.az": Sevinc Telmanqızı: “Mən belə reytinq istəmirəm” - MÜSAHİBƏ

“Dayım Əflatun Amaşovla jurnalistikaya, cəmiyyətə baxışlarımız bir-birindən fərqlənir”

“Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın budəfəki qonağı “Yeni Müsavat” qəzetinin internet resursunda - musavat.com-da “Canlı debat” verilişinin aparıcısı Sevinc Telmanqızıdır.

Sevinc Telmanqızı 1979-cu ilin 9 sentyabrında Bakıda dünyaya gəlib. Orta təhsilini Bakıdakı 276 saylı orta məktəbdə alıb. 1996-cı ildə Bakı Dövlət Universitetinin Filoligiya fakültəsinə qəbul olunub. 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistratura təhsilini bitirib. İxtisasca dilçi filoloqdur, mətbuatda fəaliyyətə 1999-cu ildən başlayıb. İlk iş yeri “525-ci qəzet” olub. Ailəlidir, iki övladı var. Qızı Selcan 16 yaşında, oğlu Oğuz isə 10 yaşındadır.

- Sevinc xanım, ilk olaraq ənənəvi sualımızdan başlayaq, necə oldu ki, jurnalist olmaq qərarına gəldiniz?

- Mən ümumiyyətlə, uşaqlıqdan jurnalist olmaq istəyirdim. Arzum Jurnalistika fakültəsinə daxil olmaq idi. Lakin qəbul imtahanında cəmi 3 balın güdazına getdim və ikinci seçimim olan Filologiya fakültəsinə qəbul olundum. O vaxtı indiki abituriyentlər kimi şanslarımız bol deyildi, seçim imkanlarımız isə az idi. Elə ilk 10-luqda hansı fakültələri yazırdınsa, balının uyğun gəldiyinə də düşürdün. Mən də Filologiya fakültəsinin tələbəsi oldum, amma jurnalistika sevdası məni heç vaxt rahat buraxmadı. Tələbəliyimin ilk illərindən Bakı Dövlət Universitetinin rəsmi qəzetində yazılarla, reportajlarla çıxış etməyə başladım. 1999-cu ildə, yəni, 3-cü kursda oxuyanda “525-ci qəzet”də işə başladım. Beləcə, jurnalistika macərama start verdim. Bu il jurnalistikada olmağımın 20 ili tamam olur.

- Uzun zamandır canlı yayımda debat aparırsınız. Debatların hansı çətin tərəfləri olur? Ən çətinlik çəkdiyiniz debat hansı olub?

- Debatların ən çətin tərəfi müsahibləri studiyaya gətirənə qədərdir. Saatlarla zənglər, müsahibləri yola gətirmələr, qrafiki uyğunlaşdırma, debatda tərəf müqabilini razı salma... İnanın səmimiyyətimə, bunlar insanın ömründən ömür aparır. Debat zamanı isə bir çox hallarda müsahiblərin qarşılıqlı ittihamları pik həddə çatanda əziyyət çəkirəm: səslər yüksəlir, əl-qol jestləri işə düşür, nadir hallarda olsa da, aşağılayıcı sözlər dövrəyə girir. Həmin anda çox gərginləşirəm, baş verəcək hər hansı insident məni qorxudur. Baxmayaraq ki, həmin vaxt onlayn izlənmə pik həddə çatır, reytinq yüksəlir – mən bu durumdan məmnun deyiləm. Ən çətinlik çəkdiyim debatlar verilişdən öncə dava etməyəcəyi, səsini yüksəldib, insident yaratmayacağı ilə bağlı söz verən siyasətçilərin verilişdə bu vədlərinə əməl etməməsidir. Mən belə reytinq, belə izlənmə istəmirəm. Sivil, səs tonlarının qalxmadığı, insanların bir-birinə mədəni şəkildə müraciət etdikləri dialoqların tərəfdarıyam.

- Yazmaq rahatdır, yoxsa aparıcılıq etmək?

- Hər ikisinin özünəməxsus çətinlikləri də var, üstünlükləri də. Lakin veriliş aparmağın, xüsusən də canlı veriliş aparmağın üstünlüyü çoxdur: tamaşaçı ilə birbaşa ünsiyyətdəsən, təmasdasan. O, sənin hər sözünə, hər sualına, replikana reaksiya verir, bəzən səninlə birgə veriliş aparır. Biz bu işi oxucu, tamaşaçı üçün görürüksə, onların reaksiyasını da dərhal duymaq istəyirik. Rahatlığa qalınca, yazı yazmağın daha rahat olduğunu düşünürəm. Yazı yazanda yüz ölçüb, bir biçmək imkanın olur. Daha arxayınsan və hər cümlənin “nazını” çəkmək üçün vaxtın var. Canlı yayında isə elə bir lüksün yoxdur – sualı beynində “bişirib” verəcəksən, səhv etmək, uzun-uzadı düşünmək kimi imkanın yoxdur. Çevik, sərrast və ağıllı davranmaq lazımdır.

- Dayınız Əflatun Amaşov sizin jurnalistikaya gəlməyinizə dəstək veribmi? İşinizlə bağlı sizə hansı iradları bildirib?

- Əflatun Amaşov məni “525-ci qəzet”ə, ilk iş yerimə yönləndirib. Onun tövsiyəsi ilə orda işə başlamışam. Lakin ondan sonra özüm yolumda irəliləməyə çalışmışam. Jurnalistika, jurnalistikanın problemləri ilə bağlı onunla hər zaman söhbət edirik. Hər birimizin cəmiyyətə, jurnalistikaya fərqli baxışlarımız var. Bütün bunlarla yanaşı, bir-birimizin fikrinə hər zaman hörmətlə yanaşırıq və çox sayğılı münasibətlərimiz var.

-Bəzən çalışan xanımlar ev işlərinə vaxt ayırmamaqda şikayətlənir... Həm işinizə, həm də ailənizə vaxt ayıra bilirsiniz?

- Ayırıram və bu, özümlə qürur duyduğum azsaylı cəhətlərimdəndir. Mən müsahiblərimə, yazılarıma vaxt ayırdığım qədər evimin qayğılarına, təmizliyinə, ailəmin yeməyinə, uşaqlarımın geyim və dərslərinə də vaxt ayırıram. Məncə, qadınlar bu dünyadakı ən funksional varlıqlardır. Yemək hazırlayan, qab yuyan ana eyni vaxtda uşağından dərs də soruşa bilər və yaxud da məktəbə gedən yolda dərslə bağlı sorğu-sual da edə bilər. Axşam işdən qayıdanda isə uşaqlarla söhbət etmək, qayğıları, sevincləri ilə maraqlanmaq üçün xeyli vaxt qalır. Hərdən deyirlər ki, evdar analar işləyən analardan daha çox uşaqlarına yaxındılar. Mən bu fikri nisbi hesab edirəm. Çünki önəmli olan uşağın yanında nə qədər yox, necə olmaqdır. Kəmiyyətdən daha çox keyfiyyət məsələsidir. Bütün gün evdə seriala, məişət verilişlərinə baxıb, Instaqram izləyib, arada da bir “ay uşaq, dərs oxu” demək uşağa faydalı olmaq demək deyil.

- “Yeni Müsavat”ın işçisi kimi Azərbaycanda qəzetlərin vəziyyətini necə dəyərləndirirsiniz? İnternet dövründə qəzetlərə ehtiyac var? Elə götürək sizin “Yeni Müsavat” qəzetini, Musavat.com ola-ola o qəzeti niyə oxusunlar?

- Qəzet bir klassikadır. Klassikadan vaz keçilərmi? Qəzeti, kağız versiyanı əlində tutub, onu hiss etmək, qoxusunu duymaq, onu vərəqləmək istəyənlər çoxdur. İnsan nə qədər telefona, kompüterə həbs olunmalıdır axı? Musavat.com-u oxuyanlarla “Yeni Müsavat” oxuyanlar arasında bir uçurum yoxdur. Sadəcə, seçim məsələsidir. Mən hələ də yolda-izdə, parkda əlində qəzet oxuyan insanları görürəm. Bu zövq davam etdikcə, qəzetlərin də kağız versiyası çıxmalıdır deyə düşünürəm.

- Həyat yoldaşınız Zamin bəy də da jurnalistdir. Necə yola gedirsiniz? Bir-birinizə jurnalistika ilə bağlı iradlar bildirirsinizmi?

- Yaxşı yola gedirik... Jurnalistika, mediada çıxan yazılar, müsahibələr, açıqlamalar.... gün boyu ən çox müzakirə etdiyimiz mövzulardır. Ortaq maraq mövzularımız olduğu üçün ünsiyyətimiz də maraqlı alınır. Ancaq yoldaşımın jurnalistikaya, onun trendlərinə, tələblərinə baxışı tamam fərqlidir. Çox maksimalistdir və bu məsələdə uzlaşa bilmirik. Canlı yayınlarıma baxmadığını desə də, hərdən onlardan sitat gətirəndə anlayıram ki, izləyir (gülür). Zaman-zaman irad da tutur. Ona Azərbaycan şərtlərini, müsahiblərin kaprizini və sair izah edirəm ki, mənzərə aydın olsun. Çünki özü uzun illərdir ki, ancaq publisistika ilə məşğuldur və jurnalistikanın “mətbəx”indən uzaq düşür. Dediklərimi qəbul edir-etmir, bu, onun işidir.

- Debat aparmağa başlayandan sonra televiziyalardan sizə iş təklifi gəlib?

- Gəlib, bir neçə dəfə. Amma hazırda özümü ən yaxşı hiss etdiyim yer “Yeni Müsavat”dır. Öz kiçik studiyamızı bir çox telekanalların iri pəncərəsinə dəyişmərəm.

- Övladlarınıza tərbiyə verərkən hansı məqamlara diqqət edirsiniz? Onların da jurnalist olmasını istərdiniz?

- Övladlarım mütaliəli, savadlı və vicdanlı olsunlar istəyirəm. Hansı peşənin sahibi olurlarsa olsunlar, peşəkar olsunlar. Öz haqlarını qorusunlar, özlərini heç yerdə əzdirməsinlər, doğrunun yanında olsunlar. Ən böyük diləyim də budur. Sevdikləri işlə məşğul olsunlar, o peşədə yüksəlsinlər. Biz də gələcəkdə onlara baxanda qürurla “bəli, onları biz yetişdirdik” deyə bilək. Qızım orta məktəbin son sinfində oxuyur, psixoloq olmağa hazırlaşır. Oğlum isə hələ balacadır, 10 yaşı var, indidən jurnalist olacağını deyir.

- Jurnalistikada başınıza gələn ən yaddaqalan hadisələrdən danışmağınızı istərdik.

- İnanın ki, elə hadisələri hər gün yaşayıram desəm, mübaliğə etmərəm. Bir neçə il bundan öncə sabiq deputat Gülər Əhmədovanın məhkəməsinə gedirdim. Mən də məhkəmədən öncə, istintaq dönəmində onun barəsində çox yazdığım üçün bilirdim ki, ailəsi, yaxınları tərəfindən xoş qarşılanmayacam. Hər nə qədər olanları yazsam da, hər fürsətdə redaksiyaya zəng edib, qərəzli olduğumu deyirdilər. Mən də öz aləmimdə özümü gizlətmək üçün “Yeni Müsavat” Media Qrupuna aid rusdilli minval.az saytının vəsiqəsi ilə məhkəməyə getdim. Sadəlövhcəsinə düşündüm ki, vəsiqəm “Yeni Müsavat”a aid deyilsə, orada kim olduğumu bilməyəcək, tanımayacaqlar məni. Məhkəmə qapısının girişində, içəri girmək üçün jurnalistlərlə növbə gözləyirdik. Birdən Gülər xanımın ailə üzvlərindən biri yaxınlaşıb, astadan dedi: “Sevinc Telmanqızı, gəldiniz ki, Gülər xanımı burda da narahat edəsiz?”. Dedim, daha heş zad (gülür).

- Heç ölkədən getmək barədə düşünmüsünüz? Getmək istəsəniz seçiminiz hansı ölkə olar?

- Düşünməmişəm. Xarici ölkələr mənimçün səyahət obyekti olaraq maraq kəsb edir. Gəzmək, kəşf etmək, yazı yazmaq, müsahibə götürmək üçün – bu qədər. Onsuz da xarici səfərlərdə bir həftədən sonra insanın bağrı çatlayır. Gedib heç yerdə sıfırdan həyat qurmağa səbrim və həvəsim yoxdur. Üstəlik, özümü yad boşqabda hiss etmək də ən axırıncı istədiyim şeydir. Gələcəkdə uşaqlarım harasa köçmək istəsə, mane olmaram. Amma özümlə bağlı elə bir istəyim yoxdur. Mən sevdiyim insanlardan, sevdiyim yerlərdən ötrü darıxmaqdan çox qorxuram. Ümumiyyətlə, darıxmaq ən çox qorxduğum hissdir.

- Jurnalistika sizə nələri qazandırıb?

- Jurnalistika mənə gözəl dostlar qazandırıb. Eləcə də, bir-birindən fərqli insanlarla tanış olmaq, onların fikirlərini cəmiyyətə çatdırmaq, bir çox hallarda insan həyatlarına yardımçı olmaq fürsətini əldə etmişəm. Fərqli bir peşədə bəlkə də insanların həyatına yardımçı olmaq, problemlərini kökündən həll etmək imkanımız olmaya bilərdi. Amma jurnalistika bizə belə bir lüks verir – insan həyatlarına sözün yaxşı mənasında toxuna bilmək imkanı. Bunun dəyəri heç nə ilə ölçülə bilməz.

- Səhv etmiriksə, “Trampın və Sevincin Amerikası” və “Xatirələrin işgəncəyə döndüyü yer” kitablarınız nəşr olunub. Kitablarınıza maraq istədiyiniz səviyyədə oldu? Yeni kitab yazmaq barədə düşünürsünüz?

- Bəli, iki kitabın müəllifiyəm. Bu kitablar mənim müasir Azərbaycan mühacirəti ilə bağlı müsahibə və müşahidələrimin toplusudur. Azərbaycanda kitaba maraq necədirsə, mənim kitablarıma da təlabat o cür oldu. Bu industriyada həllini gözləyən, yazarlara çətinlik yaradan xeyli problem var. Onlar həll olunmadıqca, yeni kitab yazmaq planım yoxdur. (Modern.az)

AzNews.az

image description image description image description image description