"Azadinform": Supergüclərin Bakıya böyük etimadı

Əziz Əlibəyli: Sadə ifadə etsək, dünyanın taleyi Bakıda həll edilir

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla NATO Hərbi Komitəsinin sədri Ser Stüart Piç Bakıda növbəti görüş keçiriblər. Görüşdə NATO-Rusiya təmas xəttində insidentlərin qarşısının alınması, hərbi ekspertlərin dialoqunun bərpa edilməsi müzakirə olunub.

Onlar Avropanın təhlükəsizlik sahəsindəki vəziyyəti, həmçinin, böhran regionlarında situasiya ilə bağlı fikir mübadiləsi aparıblar.

Heç kimə sirr deyil ki, Bakı neçə vaxtdır NATO və Rusiya hərbi elitasının bir yerə yığıldığı etibarlı məkan statusu daşıyır. Həm Rusiya, həm NATO ali rəhbərliyi Bakını özünə doğma bilir.

Elə Azərbaycan prezidenti də Gerasimovla görüşdə bu məqama toxunub: “Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsi yaxşı bir ənənəyə çevrilib. Biz bunu yüksək qiymətləndiririk. Keçən il üç dəfə belə görüş olub. Bu il artıq ikinci görüşdür. Yəni, bu ənənə artıq yaşayır və düşünürəm ki, davam edəcək. Biz bunu bizə böyük etimad əlaməti kimi qiymətləndiririk. Ona görə ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilərdi, lakin seçim Bakının üzərinə düşüb və artıq üçüncü ildir ki, bu ənənə davam edir, - görüşlərin təməli 2017-ci ildə qoyulub, - bu, o deməkdir ki, bu məkan nəticə verir”.

Bəs niyə məhz Bakı seçilib? Beynəlxalq münasibətlər üzrə tədqiqatçı Əziz Əlibəylinin fikrincə, bunun çox ciddi səbəbləri var.

“Azərbaycan xarici siyasətinin dinamikası və yönü, prioritetləri, inteqrasiya istiqamətləri və qlobal layihələri Qərbə yönəlik müsbət mesajlar verməklə, Qafqazın bu ölkəsini hesablaşılan siyasi sabitlik vətəninə çevirib. Bu, təkcə oynadığımız rolun siyasi tərəfi deyil, başqa sözlə, Avropada Rusiyanın qaz diplomatiyasına da alternativliyimizə görə əhəmiyyətimizdir, üstəgəl, Rusiya ilə qonşuyuq və regionun digər ölkələrindən olduqca sabitik. Rusiya tərəfinin Bakını seçməsi isə iki ölkə arasında yüksək münasibətlərdən qaynaqlanır və Moskva Bakıda coğrafi yaxınlığı faydaya çevirir. İki hərbi güc mərkəzi arasında dialoqlara dünyada baş verən toqquşma tendensiyaları şərait yaradır, qüvvələr balansının bölünməsi, siyasi və hərbi demarşların edilməsi, sadə ifadə etsək, dünyanın taleyi Bakıda həll edilir və bu, şübhəsiz ki, Bakının möhtəşəm uğurudur”. (Azadinform.az)

AzNews.az