Türkiyə və Almaniya razılığa gəldi

Merkelin Ankara səfəri əsasən qaçqınlar və qanunsuz mühacirət problemlərinə həsr olunub


Fevralın 8-də Almaniya baş naziri Angela Merkel Türkiyəyə rəsmi səfərə gəlib. Türkiyə prezidenti tərəfindən qəbul edilən Merkel baş nazir Əhməd Davutoğlu ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Prezident Rəcəb Tayyib Ərdoğan Angela Merkeli prezident sarayında qəbul edib. 1 saata yaxın davam edən görüşdən sonra liderlər prezident sarayında gəziblər.
Almaniya kanslerinin baş nazir Davudoğlu ilə görüşü isə mühüm anlaşmaların əldə olunması ilə yekunlaşıb. Liderlərin mətbuat konfransında bəyan olunub ki, Ankarada keçirilən danışıqlarda iki ölkə arasında 10 məsələ üzərindən birgə fəaliyyətlə bağlı anlaşma əldə olunub.

Bunların içərisində önəmli yeri Suriya böhranı və qaçqınlar məsələsi tutub. Belə ki, iki ölkə arasında Türkiyədə AFAD təcili yardım qurumu ilə Almaniyanın Texniki Yardım Qrupunun Suriya qaçqınları mövzusunda birgə çalışması, sərhəd pozuculuğu sahəsində əməkdaşlığı olub.



Əhməd Davudoğlu bildirib ki, NATO da bu prosesə dəstək verəcək, qanunsuz miqrasiya axını nəzarətə götürülməsi istiqamətində çalışmalar dərinləşdiriləcək. Xüsusən də Almaniya və Türkiyə NATO-nun sərhədlərin nəzarətə götürülməsi, Egey dənizində qaçqın axınını nəzarətə götürülməsinə dəstək verəcək.

Bundan başqa Davudoğlu və Merkel Avropa Birliyinin suriyalı qaçqınlara ayırdığı 3 milyard dollar yardımın istifadəsi də məsələsini də müzakirə ediblər.

Əhməd Davudoğlu bildirib ki. Hazırda Türkiyə-Suriya sərhədində 30 min qaçqın Türkiyəyə daxil olmağı gözləyir. Baş nazir Türkiyənin Suriyada savaşdan qaçanlar üçün sığınacaq ölkə olduğunu, bu durumun davam etməməsi üçün Rusiyanın hava zərbələrinin dayandırılmasının lazım olduğunu deyib. Davudoğlu deyib ki, heç kim Türkiyədən qaçqınlar məsələsini təkbaşına öz üzərinə götürməsini gözləməsin.



Merkel isə deyib ki, Suriyada mülki əhalinin bombalanmaması ilə bağlı Rusiya ilə öncədən razılaşma əldə olunub. Ancaq Merkel deyib ki, hazırda Rusiya buna əməl etmir və onun bombardımanları səbəbi ilə minlərlə insan ağır durumdadır.

Eyni zamanda Almaniya baş naziri Davudoğlu ilə danışıqlarda qaçqınlar mövzusu, hüquq-mühafizə orqanları arasında bu mövzuda əməkdaşlıq qurulacağını, insan ticarətinə qarşı birgə fəaliyyət göstərəcəklərini deyib. Eyni zamanda Merkel deyib ki, ölkələr qanunsuz miqrasiyaya qarşı olsalar da, qanuni miqrantları qəbul etməlidirlər. O qaçqınlara mühacirət üçün qanuni yol təklif edəcəklərini söyləyib.

Qeyd edək ki, hazırda Almaniyaya hər gün orta hesabla 3 min insan mühacirət edir. Yanvar ayında bu ölkəyə 90 mindən artıq qaçqın gəlib. Avropanın ən böyük ölkəsi hazırda qaçqın axınını nəzarət altında saxlamaq üçün yollar axtarır.



musavat.com