“Onlar mənimlə eyni şərtlərdə yaşaya bilməzlər” - Millət vəkilindən təkliflər

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan seçilən millət vəkili Mətin Külünk terrorçuların Türkiyə Respublikasının vətəndaşlığından çıxarılmasını təklif edib.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, terrorçuların vətəndaşlıqdan çıxarılması, əmlakının müsadirə edilməsi, müsadirə olunan əmlakın qurulacaq fonda toplanıb terrorla mübarizə çərçivəsində istifadə olunması üçün "Cəza Mühakiməsi Qanunu, Terrorla Mübarizə Qanunu və Türkiyə Vətəndaşlığı Qanunu"nda dəyişiklik edilməsilə bağlı qanun layihəsi hazırlayıb: "Terrorçu olduğu müəyyən edilən şəxslərin vətəndaşlıq hüquqlarından faydalanmaq kimi haqqı yoxdur. Onlar mənim hüququmu yox etmək istəyəcəklər, həm də mənimlə bərabər şərtlərdə vətəndaş olacaqlar və bu şərtlərdə yaşayacaqlar? Bunu qəbul etmək mümkün deyil. Terrorda iştirak etmiş şəxslərin vətəndaşlıqdan çıxarılması üçün qanun fəaliyyətilə Nazirlər Kabinetinin, dövlətin əlini gücləndirməliyik. Bu qanun müsadirə edilən əmlakın qurulacaq bir fondda toplanaraq terrorla mübarizə üçün istifadə edilməsini nəzərdə tutur".

Mətin Külünk terrorun bəşəriyyətin əsas hüquq və azadlığını, cəmiyyətin dincliyini yox etmək istədiyini bildirib: "Terror cəmiyyəti, milləti, dövləti təslim etmək istəyir. Nə terrora, nə də terroçuya təslim olmarıq. Terrorla mübarizədə yeni anlayışlar formalaşdırmaq məcburiyyətindəyik. İnsan həyatına qəsd edən, cəmiyyətin əsas hüquq və azadlıqlarını yox etmək istəyən hücum kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq eyni kateqoriyadadır. Dolayısıyla İŞİD, PKK və PYD arasında heç bir fərq yoxdur".

Aydan AXUNDOVA