Türkiyə və ABŞ-ın gizli sazişi – Koordinasiya mərkəzi yaradıldı

Türkiyə və ABŞ kəşfiyyat sahəsində əməkdaşlığı dərinləşdirib.


AzNews.az "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, əməkdaşlıq çərçivəsində Suriya sərhədində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsilə (MKİ) Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MKT) gizli birgə koordinasiya mərkəzi yaradıb. "MKİ türk həmkarı olan MKT ilə birgə Suriya sərhədi yaxınlığında gizli koordinasiya mərkəzini idarə edir", - deyə qəzetdə qeyd olunub.

Mənbə bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Kəşfiyyat Təşkilatının əməkdaşlığı adi birgə terrorla mübarizə çərçivəsindən kənara çıxır. Belə ki, MKİ müntəzəm olaraq "İncirlik" bazasından Suriya ərazisinə pilotsuz uçan aparatlar buraxır.

Xatırladaq ki, bir müddət öncə ABŞ-ın Suriyanın cənubunda – kürdlər tərəfindən idarə olunan ərazidə bir aviabazanın tikintisini bitirib, digərinə başlaması barədə məlumat yayılmışdı.

Aydan AXUNDOVA