Təhsil şöbəsinin müdiri: “Allah bizi qoruyur”

Gecə saatlarında cəbhə xəttində vəziyyətin yenidən gərginləşməsi və güclü bombardman şagirdlərin dərsə gəlmələrinə təsir edib.


Tərtər rayon Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev bildirib ki, məktəblilərin bir qismi artıq dərslərə gəlmir.

"Davamiyyət artıq əvvəlki kimi deyil. Dünən gecə yenidən güclü bombardman oldu. Amma məktəb binalarına heç bir ziyan dəyməyib. Allah bizi qoryur", -deyə Təhsil şöbəsinin müdiri əlavə edib.

Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanova da bildirib ki, iki gündür cəbhə xəttində baş verən hadisələr şagirdlərin məkrtəbə gəlmələrinə təsir edib.

"Artıq bu vəziyyətə öyrəşəməyə başlamışıq. Şagirdlərin dərsə davamiyyəti demək olar ki, sıfırdır".

Müdafiə Nazirliyininin məlumatına əsasən, aprelin 26-sı axşam saatlarından başlayaraq erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır.

Modern.az