PKK azərbaycanlıları vəzifədən uzaqlaşdırır

PKK və PEJAK "Böyük Kürdüstan" planına daxil etdiyi Güney Azərbaycanın bəzi bölgələrində azərbaycanlıların vəzifədən kənarlaşdırılması üçün fəaliyyətə başlayıb.

AzNews.az-a Qərbi Azərbaycan Vilayəti Müdafiə Komitəsindən daxil olan məlumata görə, Sulduz və Üşnəviyyə şəhərlərini parlamentdə təmsil edən kürd əsilli millət vəkili N.Həsənzadə rəhbər vəzifələrdə çalışan Azərbaycan türklərini vəzifədən azad etmək barədə şəhər rəhbərliyinə ciddi tapşırıq verib. Boşalan vəzifələrə kürd əsilli şəxslərin gətirilməsi tələb edilir və artıq bəzi namizədlər də irəli sürülüb.

Millət vəkilinin bu planı PKK və onun İran qolu olan PEJAK-ın diqtəsi ilə həyata keçirməyə çalışdığı vurğulanır. Səhiyyə sistemində də kadr dəyişikliyini tələb edən deputat Sulduz şəhərindəki "İmam" xəstəxanasının azərbaycanlı müdirindən vəzifəsini təhvil verməyi tələb edib.

Həsənzadənin tələbinə Qərbi Azərbaycan vilayətinin Tibb Universitetinin rektoru doktor Salehi və müavini doktor Mohebbi də dəstək verir.

Alpər Oğuz
AzNews.az