Gürcüstandan Azərbaycana təklif

Gürcüstan Azərbaycanı döyüş təyyarələrinin birgə istehsalı layihəsinə dəvət edib




Hərbi mənbələrdən eksklüziv olaraq APA-ya verilən məlumata görə, Gürcüstan Tiflis Aviasiya Zavodunda (TAM - Tbilisi Aerospace Manufacturing Company) Su-25 təyyarələrinin modernləşdirilmiş versiyalarının istehsalını həyata keçirməyi planlaşdırır. Rəsmi Tiflis layihənin maliyyələşdirilməsi və birgə istehsalın qurulması üçün Azərbaycana müraciət edib. Azərbaycanın hərbi dairələri təklifi müsbət qarşılasalar da, son qərarı hökumət verəcək.

Layihə reallaşarsa, təyyarələrin müəyyən hissələri Azərbaycanın hərbi zavodlarında istehsal edilə bilər.

Rəsmi məlumatlara görə, Azərbaycan 2002-2003-ci illərdə Gürcüstandan bu ölkədə istehsal edilmiş 13 ədəd Su-25 (12 ədəd Su-25 və 1 ədəd Su-25 UB) tipli hücum təyyarəsi alıb. Bu təyyarələr TAM zavodunda İsrailin "Elbit Systems" şirkəti ilə həyata keçirilən proqramı çərçivəsində istehsal olunub. Müasirləşmədən sonra təyyarə Su-25 "Skorpion" adını alıb.

Gürcüstan istehsalı olan döyüş təyyarələrinin sınaqları Azərbaycan pilotlarının iştirakı ilə Azərbaycanda keçirilir. Gürcüstan son 10 ildə Azərbaycanla yanaşı, Konqoya da Su-25 təyyarələri satıb, Türkmənistan Hərbi Hava Qüvvələrinin Su-25 tipli təyyarələrinin təmirini həyata keçirib.

TAM zavodu tərəfindən indiyədək 900-dək Su-25 istehsal edilib.

AzNews.az