“Biz insanların nə dediyini dinləməliyik“ - İran prezidenti

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani qalmaqallı bəyanatla çıxış edib. Anspress-in məlumatına görə, o, İslam Respublikasındakı həyatın liberallaşdırılmasının labüdlüyü, iranlıların gündəlik həyatında qadağalar və ciddi nəzarət barəsində danışıb.

"Bizə güclü cəmiyyət lazımdır. Biz insanlarla danışmalıyıq. Biz onların nə dediyini dinləməliyik. Biz hökumətin total hakimiyyətini zəiflətməliyik. Əgər bizim güclü və kvalifikasiyalı hökumətimiz varsa, bu o demək deyil ki,onlar hər şeyə nəzarət etməlidir".

Analitiklərin ən çox diqqətini cəlb edən isə yeni prezidentin hicab taxmayan qadınlarla bağlı münasibəti olub. Ruhani qeyd edib ki, ciddi konservativ normalara uyğun geyinən qadınlarda heç də həmişə təvazökar olmurlar və ya əksinə hicabsız qadın əxlaqsızlığı göstərmir.

İran prezidenti normalara uyğun geyinməyən və görünməyən qadınlara nəzarət edən əxlaq polisini də tənqid edib. O, qadınların siyasi və iqtisadi həyatındakı hüquqularının sıxışdırılmasına, eləcə də qızların və oğlanların ayrı oxumasına qarşı çıxıb.

O, yaradıcılıq azadlığının genişləndirilməsindən bəhs edib, mədəni və bədii sahədə, internet və mətbuatda senzuranı məhdudlaşdıracağına söz verib. Ruhaninin sözlərinə görə, internet saytların müasir filtirasiya sistemi hakimiyyətlə insanlar arasında inamsızlıq divarı yaradır. İranın yeni dövlət başçısı xalqın dəyişiklərə meylini görür və seçkiqabağı vədlərinin hamısını yerinə yetirəcək.

AzNews.az