SOROS nümayəndəsi Güney Azərbaycanla bağlı məlumatlardan şoka düşüb


Güney Azərbaycan milli fəallarından bir qrupu Açıq Cəmiyyət İnstitutunda görüş keçirib. Bütöv Azərbaycan Ocaqlarından verilən məlumata görə, SOROS-un Brüssel ofisində qurumun təmsilçisi Jacqueline Hale ilə görüşdə Güney Azərbaycandakı vəziyyət müzakirə edilib.

Xanım Jacqueline Hale qurumun Orta Asiya və Güney Qafqazda insan haqları üzrə nümayəndəsidir. Bu qurumda çalışmadan öncə Avropa Parlamenti və Birləşmiş Millətlər Təşkilatında araşdırmaçı kimi fəaliyyət göstərib.

Qurumun ilk dəfə olaraq Güney Azərbaycandan olan heyətlə görüş keçirdiyini deyən xanim Hale İran adlanan ölkədə yaşayan azərbaycanlıların sayı ilə maraqlanıb.

Xanım Hale güney azərbaycanlıların sayının 35 milyon olması barədə məlumatı təəccüblə qarşılayaraq bu rəqəmin 21 olduğu barədə eşitdiklərini bildirib.

Heyət say fərqinin yaranma səbəbləri barədə məlumat verərək bunu İran rejiminin siyasəti ilə əlaqələndirib. Bildirilib ki, rejimin Güney Azərbaycan bölgəsini bir neçə ostana bölməsi, o bölgədəki türklərin məcburi şəkildə fars bölgələrinə köçürülməsi saxta rəqəmlərin ortaya çıxmasına səbəb olub. Həmçinin görüş zamanı İran xarici işləri nazirinin Türkiyə səfərində " İranda əhalisinin 40 faizindən çoxu türkçə danışır" ifadəsi də diqqətə çatdırılıb.

Görüşdə Güney Azərbaycanda artan təqib və təzyiqlər, özəlliklə Yeni GAMOH liderlərindən olan Dr.Lətif Həsənli, Yürüş Mehrəlibəyli, Behbud Qulizadə, Şəhram Radmehr və Mahmud Fəzlinin toplam 45 il həbsə məhkum edildikləri diqqətə çatdırılıb. Eləcə də Seyid Mətinpur, Həsən Ərk, Oxtay Vəlizadə və digər milli fəalların həbsi haqqında hazırlanan hesabat təqdim edilib.

Heyət Urmu gölü haqqında geniş bilgi verib, gölün qurudulmasına diqqət çəkərək bu haqda hazırlanan geniş elmi hesabatı xanım Haleyə təqdim edib. Qurum təmsilçisi bu hesabatı ətraf mühit bölümünə göndərəcəyini bildirib.

Görüşdə son 4 ildə İranda insan haqlarının pozulmasını əks etdirən hesabatlar da təqdim edilib.

Güney Azərbaycan heyəti 1945-ci ildə şah rejiminin azərbaycanlılara qarşı soyqırımı haqqında da məlumat verib. Jacqueline Hale həmin hadisələrin soyqırım olması barədə heyət üzvlərinin fikirləri ilə əvvəlcə razılaşmayıb. Ancaq onun diqqətinə həmim hadisələr zamanı şah rejiminin 30 mindən çox silahsız və dinç insanları qətlə yetirdiyi çatdırıldıqda xanım Hale eşitdiklərindən şok olduğunu vurğulayıb.

Görüşdə Mahmud Bilgin (Güney Azərbaycan Demokrat Partiyası sözçüsü), Əmir Mərdani (Azərbaycan Öyrənci Hərəkatı-AZOH sözçüsü) və Ayda xanım Kərimli (Güney Azərbaycan qadın haqları fəalı) iştirak edib.

Güney Azərbaycan heyəti yaxın günlərdə Avrupa Parlament nümayəndələri ilə görüşəcək.

Elnarə Əlosmanqızı
AzNews.az