Güneyli fəallar Brüsselə çağırıldı və ... iclas təxirə salındı

Güney Azərbaycandan olan bir qrup fəal Brüsseldə Avropa Parlamentinin üzvləri ilə görüşüb.

AZOH-un məlumatına görə, Avropa Parlamentinin binasında güneyli fəallar Sosial Demokrat Partiyasının qrup başqa vəkili Göran Farm, Avropa Parlamentində İran üzrə komissiya üzvləri Josef Veidenholzer və Kristofer Fjellner , İsveşin xarici işlər nazirinin xanımı, mədəni azadlıqlar komitəsinin üzvü Anna Maria Crozza Bildt, Avropa Xalq Partiyasının qrup başqa vəkili Gunnar Hökmark, xarici işlər komitəsinin üzvü Anna Ibrisaqiclə görüşlər keçirib.

Bu neçə saatlıq görüşlərdə Urmu gölünün ağır durumu, Güney Azərbaycanda siyasi məhbusların vəziyyəti, Yeni GAMOH liderlərinin 45 illik həbs cəzası, insan haqlarının pozulması kimi məsələlər müzakirə edilib.

Avropa Parlamenti nümayəndələrinə hər bir mövzu ilə bağlı hesabatlar paylanıb. Həmçinin Güney Azərbaycanda son 4 ildə insan haqlarının pozulması barədə 130 səhifəlik hesabat araşdırlması üçün təqdim olunub.

Görüş çərçivəsində maraqlı hadisələrdən biri də İran üzrə komissiyanın iclasının təxirə salınması olub. 2 ay öncədən planlandırılan və Güney Azerbaycandan olan heyətin də dəvət olunduğu toplantı başlamasına 2 saat qalmış açıqlanmayan səbəblərdən təxirə salınıb.

Qeyd edək ki, bu görüşlərdə Mahmud Bilgin (Güney Azərbaycan Demokrat Partiyası sözçüsü), Əmir Mərdani (Azərbaycan Öyrənci Hərəkatı-AZOH sözçüsü) və Ayda Kərimli (Güney Azərbaycan qadın haqları fəalı) iştirak edib.

Elnarə
AzNews.az