“Gəzi Parkı” etirazları davam edir - VİDEO

Taksim meydanında toplaşan fəallar iki gəncin nigah bağlamasına şahid olmaq bəhanəsi ilə bir araya gəlsələr də, daha sonra hökumət əleyhinə şüarlar səsləndirərək etirazlara başlayıblar.

Aksiyada baş nazir Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti tərk etməsi tələb olunub. İcazəsiz keçirilən aksiyaya təhlükəsizlik qüvvələrinin müdaxilə etməsi isə, fəallarla qarşıdurmaya səbəb olub. Etirazçılar polisə daş və kəsici maddələrlə hücum ediblər. Polis isə, gözyaşardıcı qazlar və təzyiqli su ilə kütləni dağıtmağa çalışıb. Qarşıdurmalar axşam saatlarına qədər davam edib. Rəsmilərin sözlərinə görə, itğişaşlar zamanı bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyəti isə, ağır kimi qiymətləndirilir. Polis ona müqavimət göstərən 2 nəfəri saxlayıb.

Paytaxt Ankarada da oxşar aksiyalar baş tutub. Bir qrup fəal Dikmən prospekti üzərində sədlər çəkərək nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar. Polisin vəziyyətə müdaxilə etməsi isə qarşıdurmalarla nəticələnib. Polis etirazçıları təzyiqli su şırnaqları ilə dağıtmağa çalışıb. Rəsmilərin sözlərinə görə, aksiya zamanı polisə müqavimət göstərən çoxlu sayda etirazçı həbs olunub.

Qeyd edək ki, "Gəzi Parkı"nın sökülməsiilə başlayan etirazlar daha sonra siyasi xarakter alıb. Parkın sökülməsinə qarşı çıxanlar hökumətin istefasının tələb ediblər.



AzNews.az