- Köhnə - Region
- 22 İyul 2013 08:00
- 2 116
Taymaz Mehrəlibəyli: “Ədalətli məhkəmə tələb edirik”
"Yürüş Mehrəlibəyli də daxil olmaqla yeni GAMOH rəhbərliyi və üzvlərinin həbsi tamamilə qanunsuzdur. İran Konstitusiyasının 26-cı maddəsinə əsasən vətəndaşların ölkədə təşkilat və ya birlik yaratmaq hüququ var. Yürüş də daxil olmaqla hazırda həbs edilən fəallar məhz Konstitusiyada onlara verilən bu hüquqdan istifadə ediblər".
Bunu AzNews.az-a Yeni GAMOH-un hazırda həbsdə olan və aclıq aksiyası keçirən üzvü Yürüş Mehrəlibəylinin qardaşı Taymaz Mehrəlibəyli bildirib.
T.Mehrəlibəylinin sözlərinə görə, həbsdə olan və aclıq aksiyası keçirən fəallar məhkəmənin hökmünü ədalətsiz hesab edir və təkrar məhkəmə tələb edirlər: "Əgər onlar sussalar və verilən hökmlə razılaşsalar, bu, başqa gənclərimiz, fəallarımız üçün təhlükəli bir dövrün başlanğıcı olacaq. Təşkilat yaratmaq qanunsuz deyil və bu hüququndan istifadə etdiyinə görə Yeni GAMOH üzvlərinin hər birinə 9 il həbs cəzası verilib. Əgər onlar məhkəmənin yenidən keçirilməsinə nail ola bilsələr, bu, dönüş olacaq".
Aclıq aksiyasının davam etdiyini deyən T.Mehrəlibəyli fəalların vəziyətinin getdikcə ağırlaşdığını bildirib: "Mədə xəstəlikləri var, səhhətləri çox pisləşib. Hər biri 6-7 kiloqram arıqlayıb. Ancaq hələlik heç kəs bununla maraqlanmır. Məhkəməyə də müraciət edilib. Ancaq heç bir cavab yoxdur. Özləri bilərəkdən belə münasibət bəsləyirlər ki, başqalarının da gözü qorxsun. Əgər aclıq edənlərin birinə nəsə olsa bunun məsuliyyətini ədalətsiz qərar verənlər daşıyacaq. Biz sadəcə ədalətli məhkəmə tələb edirik".
Qeyd edək ki, aclıq edən milli fəalların iyulun 20-dən Tehran həbsxanasına aparıldığı bildirilir. Amma bu barədə ailələrə dəqiq məlumat verilmir.
Elnarə Əlosmanqızı
AzNews.az