13 yaşlı terrorçunun etirafları

Türkiyədə polisə təslim olan 13 yaşlı PKK-lı uşağın ifadələri şok effekti yaradıb. Uşaq terrorçu "Təşvişə düşdüm və dağa qaçmaya qərar verdim" deyib.

PKK-dan qaçaraq Şırnakda polisə təslim olan 13 yaşındakı "Serhildan" kod adlı M.B.-nin ifadələri mətbuatda yer alıb.

Uşaq terrorçu bildirib ki, Şırnakda olarkən aksiyalarda iştirak edib, daş və "Molotof" kokteyli atıb və polislərin onu axtardığını eşitdikdən sonra qorxuya düşüb: "6-cı sinfi bitirdikdən sonra inşaatda işləməyə başladım. Aksiyalarda iştirak edirdim, daş atırdım. Yoldaşlarımdan biri dedi ki, polis məni axtarır. Dediklərinə görə əl izlərimi atdığım kokteyllərin üstündə tapmışdılar. Buna görə də qorxub dağa qaçdım".

Dostu ilə bərabər dağa qaçmağı qərara alan M.B. elə həmin gün iki yoldaşı ilə bərabər yola düşüb: "Axşam mən və iki yoldaşım Cizrəyə getdik. Daha sonra Nusaybinə gəldik. Sərhəddəki məftillərdən keçərək 1-2 saat gedib Suriyanın Derik bölgəsinə çatdıq. Burada bizi iki PKK-lı qarşıladı. PKK-lılarla birlikdə maşınla İraq sərhədinə gəldik və Quzey İraqa keçdik".

Onun kimi daha 22 nəfərin PKK-ya qatıldığını deyən M.B. uşaq olmasına baxmayaraq "Rızgar Ersi" kod adlı PKK mənsubunun mühafizəçisi olub. Kandilə gedən, ancaq bir həftə sonra silahını ataraq qaçan 13 yaşlı uşaq 15 saat piyada yol gedib. Nəhayət İran sərhədini keçərək, təslim olub və daha sonra Türkiyəyə yola salınıb.

Elnarə Əlosmanqızı
AzNews.az