Azərbaycanlı məhbuslar 3 günlük axtarışdan sonra tapıldı

Saxlandıqları Təbriz həbsxanasında aclıq aksiyası keçirdikləri üçün başqa həbsxanaya köçürülən Yeni GAMOH liderlərinin yeri bəlli olub.

Vəkilləri 3 gün axtarışdan sonra onların yerini taparaq görüşüb. Vəkillərin məlumatına görə, azərbaycanlı fəallar Təbriz zindanından Evin həbsxanasının daxilindəki özəl bölümə aparılıblar: "Aclıq aksiyası hələ də davam etməkdədir və fəallar hələ də mübarizələrini davam etdirir, fikirlərindən dönməyiblər.

Behbud Quluzadə böyrək ağrısından əziyyət çəkir, Lətif Həsənlidə isə halsızlıq hiss olunur. Yürüş Mehrəlibəyli, Mahmud Fəzli və Şəhram Radmehrin vəziyyətləri nisbətən yaxşıdır". Bəzi məlumatlara görə, fəallar 3 gündən sonra Rəcayişəhr həbsxanasına aparılacaqlar: "Belə nəticəyə gəlmək olar ki, rejim fəlların qədim Azərbaycanın paytaxtında aclıq aksiyasını davam etdirmələrindən narahat olaraq fars bölgələrinə aparır. İran qanunlarına görə, həbsxanada aclıq aksiyası qanuni sayılmır.

Əgər hər hansı şəxs aclıq aksiyası keçirərsə və qanuna tabe olmazsa yeri dəyişdirilməlidirlər. Ancaq bu zaman məhbus öncədən bu barədə məlumatlandırılmalıdır. Buna baxmayaraq 5 fəalın heç birinı bu barədə xəbərdarlıq edilməyib".

Elnarə Əlosmanqızı
AzNews.az