Azərbaycanlı fəal aclıq aksiyasına başladı

İranda həbsdə olan tanınmış azərbaycanlı fəal aclıq aksiyasına başlayıb.

APA-nın HRAZ-a istinadən məlumatına görə, Əziz Purvəli iyulun 13-dən aclıq aksiyası keçirən Yeni GAMOH təşkilatının üzvlərinə dəstək məqsədilə belə bir addım atıb. Azərbaycanlı fəal avqustun 3-dən etibarən Təbriz şəhərinin mərkəzi həbsxanasında aclıq aksiyasına başladığını yazdığı məktubunda bildirib və bunu milli borc kimi qiymətləndirib.

Ancaq həbsxana rəhbərliyi Ə.Purvəlini bu addımına görə cəzalandırıb və onu narkomanların, cinayətkarların saxlanıldığı kameraya köçürüb. Həmin kamerada saxlanılan məhbusların əksəriyyəti QİÇS və Hepatit xəstəliklərindən əziyyət çəkdikləri üçün azərbaycanlı fəalın həyatı təhlükə qarşısındadır.

Qeyd edək ki, Ə.Purvəli Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilərək 1 il qəti 1 il isə şərti həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəal 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətini müzakirə edərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib.

Xatırladaq ki, ETTELAAT əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib.

L.Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.

Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək aclıq aksiyası keçirirlər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib. Azərbaycanlı fəallar mübarizələrindən dönmürlər və artıq 24 gündür aclıq aksiyası keçirirlər.

AzNews.az