İran prezidenti Heydər Əliyevdən danışdı

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın yeni Prezidenti Həsən Ruhani ilə görüşüb.

Modern.az-ın məlumatına görə, nümayəndə heyətimizi səmimiyyətlə salamlayan H.Ruhani onun salamlarını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.

Andiçmə mərasimində iştiraka görə, Azərbaycan tərəfinə minnətdarlığını ifadə edən İran Prezidenti qeyd edib ki, onun dövləti bütün məqamlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və münaqişənin Azərbaycanın suveren sərhəd hüquqlarının qorunması çərçivəsində həlli istiqamətində bundan sonra da səylər göstərməyə hazır olacaq
Azərbaycana səfərləri ilə bağlı xatirələrindən bəhs edən İran Prezidenti mərhum prezident Heydər Əliyevi müdrik siyasi lider kimi səciyyələndirərək deyib:

"Azərbaycan sürətlə inkişaf edir. Çox məmnunam ki, Heydər Əliyevin müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

İranda Azərbaycan nümayəndə heyətinə göstərilən diqqətə və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən O.Əsədov H.Ruhanini seçkilərdə qələbə qazanması münasibətilə təbrik etmiş, Prezident İlham Əliyevin səmimi salamlarını və təbrikini çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində İranın imkanlarını diqqətə çatdıran Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, H.Ruhani münaqişənin nizamlanmasında ciddi səylər göstərəcək.

İran Prezidentinin andiçmə mərasimindəki çıxışında dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığına yer ayırmasını yüksək qiymətləndirən Azərbaycan parlamentinin rəhbəri, həmçinin görkəmli dövlət xadimi Heydər Əliyev barədə xoş ifadələrinə və səmimi sözlərinə görə də Həsən Ruhaniyə minnətdarlığını ifadə edib.

Səmimilik şəraitində başa çatan görüşdə İran-Azərbaycan münasibətlərinin ayrı-ayrı istiqamətlərində dair səmərəli fikir mübadiləsi aparılıb.

AzNews.az