- Köhnə - Region
- 12 Avqust 2013 15:40
- 3 687
“Vətəndaşlarımız Dağlıq Qarabağa səfərlərdən imtina etməlidir“
APA-nın "İnterfax Ukrayna" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan XİN tərəfindən 8 Ukrayna vətəndaşının işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfər etmələri ilə əlaqədar "arzuolunmaz şəxslər"in siyahısına salınması faktına münasibət bildirən Ukrayna Xarici İşlər Nazirliyinin İnformasiya siyasəti departamenti direktorunun müavini Yelena Vaşşenko deyib. O xatırladıb ki, Ukrayna XİN-in saytında xarici ölkələrə səyahət planlaşdıran vətəndaşlar üçün müvafiq tövsiyələr var: "Orada Ukraynanın və səfər edilən ölkənin qanunvericiliyinə riayət edilməsinin vacibliyi qeyd olunub. Xaricə səfər edərkən vətəndaşlar XİN-in xəbərdarlıqlarını nəzərə almalıdırlar. Təhlükəsizlik problemi və ya vətəndaşların həyatlarına, sağlamlığına mümkün təhdidlərin mövcud olması ilə əlaqədar yaydığımız xəbərdarlıqlara rəğmən, vətəndaşlarımızın dünyanın böhranlı bölgələrinə səfər etməsi ciddi narahatlıq yaradır".
Y. Vaşşenko onu da əlavə edib ki, hələ 2011-ci ili martında Ukrayna XİN-in saytında Dağlıq Qarabağ regionuna səfərlə bağlı vətəndaşlar üçün tövsiyələr yerləşdirilib: "Ukrayna XİN ölkə vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ regionuna səfərlərdən imtina etməyi tövsiyə edir. Azərbaycanda olarkən şəxsi təhlükəsizlik qaydalarına, ölkənin qanunvericiliyinə və qəbul edilmiş davranış normalarına riayət olunmasını xahiş edirik".
Qeyd edək ki, Azərbaycanın "arzuolunmaz şəxslər" siyahısında adı olan ukraynalı jurnalistlərdən biri məsələni aydınlaşdırmaq üçün Ukrayna XİN-ə müraciət edib.
AzNews.az