Qazaxıstanda İlham Əliyevlə bağlı müraciət qəbul olundu



Qazaxıstanın Astana şəhərində yaşayan həmyerlilərimiz Azərbaycan xalqına müraciət ünvanlayıb. Müraciəti imzalayanlar qarşıdan gələn prezident seçkilərində İlham Əliyevi dəstəklədiklərini bildirib və xalqımızı da məhz buna səsləyiblər. Azərbaycanın Qazaxıstandakı diasporundan AzNews.az-a bildiriblər ki, azərbaycanlıların sıx yaşadığı Astana şəhərində yaşayan həmyerlilərimiz - ziyalılar, gənclər tədbir keçirib.

"Xəzər" Azərbaycan diasporunun fəal üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının prezidenti Vidadi Salahov iştirak edib. V.Salahov çıxış edərək deyib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı böyük bir sınaq qarşısındadır: "Azərbaycanın bugünkü istiqlalı, inkişafı və sabitliyini qəbul edə bilməyən düşmənlər və onların havadarları var gücü ilə çalışırlar ki, Vətənimizdəki daxili sabitliyi pozsunlar, Azərbaycanın inkişafına əngəl yaratsınlar. Odur ki, Azərbaycan xalqı bir daha prezident İlham Əliyevin ətrafında sıx birləşməli, hər bir işdə onun köməkçisi olmalıdır. Işğal altında olan torpaqlarımızı erməni işğalından xilas etmək üçün səfərbərlik zamanıdır".

Astana şəhəri Azərbaycanlıları "Xəzər" Cəmiyyətinin sədri Vidadi AğayevAzərbaycanın artıq investisiya qoyan bir dövlətə çevrilməsində İlham Əliyev siyasətinin gücündən danışıb. Azərbaycan diasorunun Qadınlar Şurasının sədri Təzəgül Müstafayeva 2004-cü ildə İlham Əliyevin prezident kimi Qazaxıstana ilk səfərini xatırladıb. Qazaxıstan Azərbaycanlıları Gəncləri adından çıxış edən Oruc Allahverdiyev və Cəsarət Gülmalıyev Azərbaycan gənclərinə olan dövlət qayğısından, gənclər siyasətindən danışıb . Qazaxıstan azərbaycanlıları böyük məhəbbət, etimad və ürəklə xalqımızı İlham Əliyvə səs verməyə çağırıb.

AzNews.az