Həsən Ruhani Məkkəyə gedəcək

Londonda ərəbcə çıxan Səudiyyə Ərəbistana ail "əş-Şərq əl-Ousat" qəzeti İran prezidenti Həsən Ruhaninin oktyabrda Məkkəyə həcc ziyarətinə gedəcəyinin gözlənildiyini yazıb.

Hökumət başçısı bununla həm də Səudiyyə Ərəbistanı ilə son illər yaranmış fikir ayrılığını aradan qaldırmaq istəyir. Bu məsələlər arasında Suriyadakı mövcud duruma münasibət də var.

Sentyabrın 19-da o, Tehranda iranlı zəvvarlar qarşısında çıxışı zamanı krallığı "İranın ən yaxın dostu" adlandıraraq, iki dövlət arasında "əhəmiyyətsiz fikir ayrılıqlarının", o cümlədən Suriyadakı vətəndaş savaşı ilə bağlı problemlərin aradan qalacağına ümidvar olduğunu bildirib.

İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bu günlərdə ölkə televiziyasında çıxışında krallığa münasibətini belə açıqlamışdı: "İran və Səudiyyə Ərəbistanı bölgənin önəmli dövlətləridir. İki ölkə arasında əməkdaşlıq bölgədəki münaqişələrin tənzimlənməsinə və islam dünyasının xeyirinə xidmət edə bilər".(lent.az)

AzNews.az