“Heç kəsin hicabı qadağan etməyə haqqı yoxdur“

Heç bir siyasi qüvvənin Türkiyə Parlamentinə hicabla gəlməyi qadağan etməyə haqqı yoxdur. Trend-in çərşənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Çelik deyib.
Onun sözlərinə görə, Türkiyə demokratik ölkədir və onun hər bir vətəndaşının özünü ifadə etmək hüququ var.

Daha əvvəl verilən məlumata görə, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Parlamentə hicabla gəlməyə qarşı etiraz aksiyaları keçirməyə hazırlaşır.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Gülay Samancı Parlamentə hicabla gələcəyini bəyan edib.

O, bu barədə qərarı Həcc ziyarətini başa çatdırdıqdan sonra qəbul edib.

Onun sözlərinə görə, daha əvvəl bu hüquqdan məhrum edilmişdi, lakin hazırda qanuna görə Parlamentə hicabla daxil olmaq hüququna malikdir.

AzNews.az