Türkiyədə həbs olunan gömrükçü Azərbaycana ekstradisiya oluna bilər - VİDEO

Türkiyədə rüşvət əməliyyatı ilə təxminən eyni vaxtda Sədərək Gömrük-Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun qardaş ölkədə həbs edildiyindən bu hadisələri eyni məsələ hesab edənlər də var idi.

Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd məntəqəsində aparılan əməliyyat tədbirləri çərçivəsində həbs edilən Sədərək Gömrük-Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun işi ilə bağlı istintaq tədbirləri davam etdirilir. Azərbaycanın İstnbuldakı Konsulluğundan ANS-ə bildirdilər ki, Mirməhəmməd Seyidov indi Ərzurum həbsxanasında saxlanılır. İstintaqın gedişatı ilə bağlı isə hər hansı məlumat verilmir. Azərbaycanın Qarsdakı Konsulluğu azərbaycanlı məmuru vəkillə təmin edib və istintaqın gedişatını nəzarətdə saxlayır.

Mirməhəmməd Seyidov dekabrın 17-də İstanbuldan qayıdarkən Qars hava limanında Türkiyə Daxili İşlər Nazirliyi Əmniyyət Müdirlüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Bəs azərbacanlı məmurun Türkiyə ərazisində saxlanılması nə qədər qanunidir. Polisə dəstək İB-nin sədri Şəmsəddin Hacıyevin sözlərinə görə, Türkiyə dövlətinin Daxili İşlər Nazirliyinin əməliyyat axtarış fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti çərçivəsində nəinki ölkə vətəndaşlarının, hətta əcnəbilər barədə əldə edilən məlumatların realizə olunması, dəqiqliyi, həqiqiliyi yoxlanılır. Bu zaman isə həmin şəxs istintaqa cəlb oluna bilər. Hətta o yüksək səviyyəli məmur olsa belə.

Polisə dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev: "Əgər doğurdan da, kifayət qədər təhdid olunmağa əsas verirsə. Burada artıq vətəndaşlığa söykənmir. Saxlanılıbsa təbii ki, cinayət prosessual qanunvericiliyinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə saxlanılıb, əməli sübuta yetirilməzsə azad ediləcək".

Əgər Mirməhəmməd Seyidovun hər hansı cinayət əməli sübuta yetirilərsə, Türkiyə qanunları daxilində həbs olunacaq. Bundan sonra Avropa Konvesiyasının tələblərinə uyğun olaraq, Türkiyə ilə razılıq əldə olunub məhkumun ölkəyə ekstradisiyası baş tuta bilər.





AzNews.az