23 il iş alan sabiq rektor azad edildi

Fevralın 20-də İnönü Universitetinin keçmiş rektoru, Ergenekon məhkəməsində 23 il azadlıqdan məhrum edilmiş Fatih Hilmioğlu həbsdən azad edilib. Hilmioğlu 5 il saxlandığı Silivri Cəza Evindən Türkiyə Ana Yasa Məhkəməsinin qərarı ilə çıxıb.


Silivridə media qarşısına çıxan Hilmioğlu haqqında ədalətli qərar çıxaran Ana Yasa Məhkəməsi üzvlərinə təşəkkürlərini bildirib: "Təşəkkürlə bərabər Ana Yasa Məhkəməsi hakimlərinə müraciətim də var. Əgər mən uzun müddət həbsdə saxlandığıma görə azad edildimsə, nəzərə alsınlar ki, Ergenekon istintaqı ilə daha uzun zamandır haqsız yerə içəridə yatan şəxslər var. Əgər səhhətimlə bağlı azad edilmişəmsə, bilsinlər ki, içəridə daha ağır xəstə olanlar var. Ümid edirəm ki, qısa zamanda onlar da azadlıqlarına qovuşarlar. Ergenekon istintaqı 7 ilə yaxındır davam edir. İşi aparan ilk prokuror bir bəyanat verərək dedi ki, əgər bu gün olsaydı, mən bu istintaqa rəhbərlik etməzdim. Bu istintaqa cəlb edilən şəxslər 7 ildir bunun bir qurğu olduğunu bəyan edir. İndi bizim iddialarımız ölkənin əsas qanunu ilə təsdiqini tapır".(Musavat.com)