Yanukoviç axtarışa verildi

Ukrayna Daxili İşlər Nazirliyi (DİN) keçmiş prezident Viktor Yanukoviç barəsində axtarış elan edib.


AzNews.az-ın verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov "Facebook"dakı səhifəsində bildirib. Məlumatda qeyd olunub ki, V. Yanukoviç barəsində "Mülki və silahsız vətəndaşların kütləvi qətlində iştirakı" maddəsi ittihamı ilə axtarış verilib.

O əlavə edib ki, hazırda V. Yanukoviçin məskunlaşdığı yer məlum deyil: "Artıq bəllidir ki, Yanukoviç dövlət mühafizəsindən imtina edib. Sonuncu dəfə Yanukoviçi fevralın 24-də Belbek hava limanına doğru gedən zaman görüblər".

Qeyd edək ki, bu gün V. Yanukoviçin Krımda saxlanması ilə bağlı məlumat Ukrayna mediasında yer almışdı.

Xatırladaq ki, Ukraynada "AvroMaydan" hərəkatı zamanı ölkədə qanlı toqquşmalar baş verdi. Bu hadisələr zamanı hakimiyyət əleyhdarları və güc strukturları arasında 100-ə yaxın adam həlak oldu, 700-dən çox vətəndaş isə xəsarət aldı. Fevralın 22-də isə Ali Rada prezident Viktor Yanukoviçə etimadsızlıq göstərdi.

Məhəmməd
AzNews.az