Rusiyanın ən gözəl prokuroruna vəzifə verildi

Rusiyanın ən gözəl prokuroru adlandırılan Krımın baş prokuroru vəzifəsini icra edən 33 yaşlı Nataliya Poklonskayanın bu vəzifəyə təyinatı rəsmiləşib.

AzNews.az-ın məlumatına görə, Rusiyanın baş prokuroru Yuriy Çayka gənc xanım prokurorun adıçəkilən vəzifəyə təyin olunması ilə bağlı əmr imzalayıb.

Bununla da sosial şəbəkələr vasitəsilə məşhurlaşan N. Poklonskaya Rusiya tərəfindən ilhaq edilən Krım Respublikasının baş prokuroru təyin edilib.

Xatırladaq ki, martın 11-dən Krımın Baş prokuroru vəzifəsini icra edən 33 yaşlı Nataliya Poklonskayanın ilk mətbuat konfransının təkcə "Yotube"də yayılan videosu 2 milyona yaxın izləyici tərəfindən baxılıb. Buna səbəb onun ciddi görkəmi, lakin cazibəli xarici görünüşü olub.
Poklonskayanın "Facebook"dakı fan-səhifəsində ozləyicilərinin sayı isə qısa zamanda 88 minə çatıb. Odessalı bəstəkar və müğənni Saşa Blaqov isə cazibəli prokurora həsr olunan "Ax, kakaya nyaşa, prokuror Nataşa" adlı mahnı da bəstələyib.

Qeyd edək ki, Krımın Rusiyanın əlinə keçməsindən sonra 33 yaşlı Nataliya Poklonskaya muxtar respublikanın prokuroru vəzifəsini icra edib. Rəsmi Kiyev isə N. Poklonskayanı ölkə Konstitusiyasını pozmaqda və hakimiyyətin zorla ələ keçirilməsinə dəstək verməkdə günahlandıraraq, Ukrayna Cinayət Məcəlləsinin 109.1-ci maddəsi ilə ittiham irəli sürüb. Gənc prokuror Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən rəsmi şəkildə axtarışa da verilib.

AzNews.az