Ukraynada əhalinin 77 faizi birlik tərəfdarıdır- Sorğu


Ukraynada keçirilən sorğuda ölkə vətəndaşlarının böyük hissəsi bütövlük tərəfdarı olduğunu bildirib. AzNew.az BBC-yə istinadən xəbər verir ki, Ukrayna ərazisində sosial sorğu keçirilib. Əhalinin 77 %-i mövcud sərhədlərin qorunub saxlanmasının tərəfdarıdır və hər hansı vilayətin ölkədən ayrılmasına qarşıdırlar.

Ukraynanın qərbində əhalinin 93 faizi Ukrayna birliyinin lehinə səs veriblər, Ukraynanın şərqində birlik tərəfdarları 70% təşkil edib. Rusdilli sakinlərin arasında isə mövcud sərhədlərin qorunması tərəfdarları 58% təşkil edib. Krım əhalisi isə tamamilə başqa fikirdədir. Yalnız 12 % Ukrayna birliyinin lehinə səs verib. Burada 54% əhali hesab edir ki, reqionlara öz müqəddəratını təyinetmə hüququ verilməlidir. Ukrayna əhalisinin 54%-i Ukraynada iki rəsmi dövlət dilinin olması tərəfdarıdır - Ukrayna və Rus dili.

Şərq əhalisinin 73%-i, Krım sakinlərinin 74%-i və rusdilində danışan əhalinin 86%-i bu fikri dəstəkləyib. Ukraynanın qərb vilayətləri sakinlərinin 66%-i ölkədə yalnız ukrayna dilinin dövlət dili olmasına səs veriblər. Şərq vilayətlərinin sakinlərindən yalnız 25%-i bu fikri dəstəkləyib. Krım əhalisindən isə heç kim bu fikrin lehinə səs verməyib. Qeyd edək ki, Ukrayna ərazisində bu sorğunu Pew ABŞ sosioloji mərkəzi keçirdib. Sorğu aprel ayında keçirilib. Sosial sorğuda 1659 respondent iştirak edib.

Aydan Axundova
AzNews.az