Liparityan: “Uorlikin 6 bəndlik təklifləri bizim üçün qat - qat pisdir“

"Amerikalı həmsədr Ceyms Uorlikin 6 bəndlik təklifi 1997-ci ilin sənədi ilə müqayisədə bizim üçün qat-qat pisdir, o sənəd ki, ona görə Levon Ter-Petrosyanı istefa ərizəsi yazmağa məcbur elədilər".

Bunu Ter-Petrosyanın xüsusi tapşırıqlar üzrə səfiri işləmiş, hazırda ABŞ-da yaşayan tarixçi-professor Jirayr Liparityan amerikalı həmsədrin son məruzəsini şərh edərkən deyib. "Birincisi, həmin sənədə görə, biz Laçın rayonunu tam şəkildə əldə saxlayırdıq. İkincisi, təhvil verəcəyimiz ərazilər silahsız olacaqdı. Yəni qaçqınlar qayıdacaqdı, ancaq orada Azərbaycan ordusu, tank-top heç nə yerləşdirilməyəcəkdi. Yalnız yüngül silahlı polis qüvvələri olacaqdı. Uorlikin sənədində buna bənzər heç nə yoxdur. 97-ci il sənədində həmçinin, yeni aralıq status söhbəti yox idi. Yəni Dağlıq Qarabağın və Laçının o zamankı statusu, yəni bizim ora tam nəzarətimiz yekun statusun danışıqlarla müəyyən edilməsinədək dəyişməz qalırdı. Bu isə çox mühüm dəlildir ki, biz 1997-ci ildən bu günədək hansı yolu keçmişik, hansı durumdayıq və 10 ildən sonra harada ola bilərik", - deyə Liparityan qeyd edib. (Musavat.com)