Aleksandr Turçinov: “Rusiya çevriliş etmək istəyir”

"Ölkənin şərqində keçirilən qondarma "referendum"un cinayət amilindən başqa, heç bir hüquqi əhəmiyyəti yoxdur".

AzNews.az-ın məlumatına görə, bunu Ukrayna prezidenti səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov deyib. O, ölkənin cənub-şərq vilayətlərində separatçı qurumlar – "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" tərəfindən keçirilən "referendum"ları şərh edərkən bildirib ki, separatçıların referendum adlandırdıqları bu cəfəngiyyat ölümləri, insan oğurluqlarını, təcavüzləri və digər işgəncələri pərdələməkdən başqa heç nə deyil: "Bu baş verənlər yalnız Luqansk və Donetsk vilayətlərinin iqtisadiyyatının məhv edilməsinə xidmət edir.
Həmçinin, vətəndaşların həyat və firavanlığına real təhlükədir. Rusiya hakimiyyəti tərəfindən təhrik edilən bu şəxslərin məqsədi Ukraynada stabilliyi pozmaq, prezident seçkilərinin baş tutmasını əngəlləmək və Ukraynada hakimiyyət çevrilişini təmin etməkdir".

Turçinov əlavə edib ki, Ukrayna hakimiyyəti əli qana batmayanlarla danışıqlar aparmağa hazırdır.

Aydan Axundova
AzNews.az