Mədən rəhbərliyi Ərdoğanla görüşəcək

Manisa vilayətində partlayışın baş verdiyi mədənin rəhbəri Alp Gürkan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Trend-in məlumatına görə, bu barədə "Milliyyət" qəzeti "Soma Kömür İşletmeleri A.Ş." şirkətinin yazılı bəyanatına istinadən xəbər verir. Qəzetin məlumatına görə, şirkət rəhbəri ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldızla da görüşəcək.

Qeyd edək ki, bu gün Türkiyənin Baş naziri vilayətin Soma şəhərində kömür mədənində baş vermiş partlayışla əlaqədar Albaniyaya səfərini təxirə salaraq Manisa vilayətinə gəlib.
Hadisə nəticəsində ölənlərin sayı 205 nəfərə çatıb.
Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.

Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir.
Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadındır.

AzNews.az