Türkiyədən Avropa Məhkəməsinə sərt münasibət

Əhməd Davudoğlu: "Yunan Kiprinə 1 avro da təzminat ödəməyəcəyik"

Rəsmi Ankara Avropa İnsan Haqları Məhkəməsinin "1974-cü ildə Kipr adasına hərbi müdaxiləyə görə" Türkiyənin yunan Kiprinə 90 milyon avroluq təzminat ödəməli olması haqda srağagün çıxardığı qərarını yerinə yetirmək niyyətində deyil. Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə danışan xarici işlər nazir Əhməd Davudoğlu bildirib ki, məhkəmənin qərarı "yanlış və qeyri-ardıcıldır, hüququ bazadan məhrumdur və yerinə yetirilməsi praktikada mümkünsüzdür".

"Avropa Məhkəməsinin qərarı Türkiyənin Kipr probleminin ədalətli və qəti həllində tutduğu mövqedən çəkinməyə məcbur edə bilməz", - deyə XİN başçısı qeyd edib.

Xatırladaq ki, qərarda 90 milyon avroluq təzminatın 30 milyonunun itkin düşən kiprli yunanların qohumları, yerdə qalanının isə sağ qalan yunanlar arasında paylanmasını nəzərdə tutur. Türkiyə təzminatı 18 ay ərzində ödəməlidir.

Onu da yada salaq ki, hələ 2009-cu ildə Avropa Məhkəməsi Türkiyəni 13 milyon avro məbləğində cərimələmişdi. İki il sonra analoji qəbildən daha bir qərar verilmiş, lakin təzminat məbləği müəyyən edilməmişdi.(Musavat.com)