Yanukoviçin dəqiq yeri aşkar edildi

Bir müddət əvvəl ölkədə baş verən inqilab nəticəsində vəzifəsindən çıxarılan Ukrayna prezidenti Viktor Yanukoviçin məskunlaşdığı məkan müəyyən aşkarlanıb.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Dövlət Mühafizə İdarəsinin (DMİ) rəisi Valeriy Qeletey bildirib ki, Viktor Yanukoviç Rostov-na-Donu şəhəri yaxınlığında şəxsi evə sahibdir. "Yanukoviç dəqiq haradadır?" sualına cavabında V.Qeletey deyib ki, onun məlumatlarına görə, V. Yanukoviç Rostov-na-Donuya yaxın ərazidə malikanə alıb və həmin evdə də yaşayır: "Oğlu Aleksandr isə Moskva yaxınlığında Barxiv qəsəbəsində özünə ev alıb".

V. Qeletey keçmiş prezidenti onunla birlikdə Rusiyaya gedən Ukrayna DMİ-nin keçmiş əməkdaşlarının qoruduğunu da bildirib: "Yanukoviç könüllü şəkildə Ukraynaya qayıtmayacaq. Lakin tez və ya gec o, etdiyi hər əmələ görə cavab verməli olacaq. Buna inanıram".

Xatırladaq ki, Kiyevdə "Maydan" hadisələrindən sonra V. Yanukoviç ölkədən qaçıb. Ukraynanın yeni hakimiyyəti Yanukoviçi cinayətkar adlandıraraq, onu axtarışa verib.

Aydan Axundova
AzNews.az