Azərbaycanlılarla gürcü gəncləri arasında kütləvi dava- VIDEO

Aktual.az-ın əldə etdiyi məlumata görə, Gürcüstanın Qardabani rayon mərkəzində azərbaycanlılarla gürcü gəncləri arasında kütləvi dava milli zəmində baş verib.

Məlumatda bildirilir ki, tərəflər arasında qarşıdurma Qardabaninin mərkəzindəki çayxanaların birində baş verib. Kütləvi davaya səbəb isə gürcü gənclərdən birinin azərbaycanlı gənclərin əyləşdiyi masaya yaxınlaşaraq, onları söyməsi olub. Bundan sonra tərəflər elə çayxanadaca əlbəyaxa olublar.

Bir neçə dəqiqədən sonra əllərində dəyənək 100-ə yaxın gürcü çayxananın ətrafını mühasirəyə alıb. Az sonra azərbaycanıların da hadisə yerinə gəlməsi tərəflər arasında qarşıdurmanın kütləvi hal almasına səbəb olub.

Daha sonra əraziyə polis qüvvələri cəlb olunub. Polislərin insidenti yatırmaq cəhdləri boşa çıxdığından, son xəbərdarlıq kimi, göyə rezin güllələr atılıb.

Gürcüstanda yaşayan soydaşlarımızın verdiyi məlumata görə, kütləvi dava zamanı gürcü gənclər "Sizlərə Gürcüstanda yer yoxdur"! "Siz, tatarlarsız, buradan gedin"! kimi şüarlar səsləndiriblər.

AzNews.az