Erməni müxalifəti İvanişvilini qeyri-peşəkarlıqda günahlandırır Erməni müxalifəti İvanişvilini qeyri-peşəkarlıqda günahlandırır

Gürcü lideri erməniləri iki cəbhəyə böldü

Erməni müxalifəti İvanişvilini qeyri-peşəkarlıqda günahlandırır



Gürcüstandakı parlament seçkilərində qalib gələn Bidzina İvanişvilinin ermənilər barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Gürcüstanda qeydiyyatdan keçməyən ermənilərin "Virk" Partiyasının lideri David Rstakyan İvanişvilinin fikirlərinin doğru təqdim edilmədiyini bildirib: "Mən bir az əvvəl İvanişvilinin yaxınları ilə bu barədə danışdım.

Onlar bildirdilər ki, İvanişvili ermənilərin hələ də Gürcüstanda yaşadığına təəccübləndiyi deməyib. Əksinə ermənilərin Gürcüstanda özünü evdəki kimi hiss etdiyini deyib. Müsahibədə yer aldığı bildirilən fikirlər isə bəzi jurnalistlərin qeyri-obyektivliyinin məhsuludur".

Ancaq Ermənistandakı siyasi dairələr Gürcüstandakı erməni partiyasının liderindən fərqli düşünür. Müxalifətdə olan "Yeni zaman" Partiyasının lideri Aram Karapetyan İvanişvilini siyasətdə qeyri-peşəkarlıqda günahlandırıb: "İvanişvilinin müsahibəsi göstərir ki, qeyri-siyasi xadimlərin böyük siyasətə atılması nələrə gətirib çıxarır".
"Oliqarxlar siyasi düşüncəyə malik deyillər, söz və fikirlərin rolunu düzgün qiymətləndirməyi bacarmırlar. Pul müəyyən mənada bəzən vacib ola bilər, ancaq böyük siyasət üçün yetərli şərt deyil. Yaxında biz bir daha bunun şahidi olacağıq" deyə Karapetyan vurğulayıb.

Məlumat üçün bildirək ki, B.İvanişvili müsahibəsində ermənilərin öz vətənlərində yox, Gürcüstanda yaşamasına təəcübləndiyini vurğulamışdı.

Elnarə Əlosmanqızı
AzNews.az