Keçmiş nazir narkodispanserə göndərildi

Nazir Heldimurad Nurmuhəmmədov həbs edilib



Türkmənistanın sabiq mədəniyyət və idman naziri Heldimurad Nurmuhəmmədov həbs edilib. 168.az "Xronika Turkmenistana"ya istinadən xəbər verir ki, 59 yaşlı eks-nazir narkomaniyadan məcburi müalicə üçün 6 ay müddətinə dispanserə göndərilib. Bununla belə adı çəkilməyən mənbə "Nurmuhəmmədovun narkotikadan istifadə etməsi barədə faktın olmadığını" bildirib.

Məlumata görə, ixtisasca hüquqşünas olan sabiq nazir 1980-ciillərdə Aşqabad şəhərinə rəhbərlik edib. SSRİ dağıldıqdan sonra isə 1992-1995-ci illərdə ölkənin mədəniyyət və idman naziri olub. İstefadan sonra isə xüsusi xidmət orqanlarının nəzarətindədir və ona ölkəni tərk etmək qadağan olub. Son dövrlərdə isə beynəlxalq şirkətlərin birində məsləhətçi işləyib. Yerli mətbuatın məlumatına görə, Nurmuhəmmədovun məcburi müalicəyə göndərilməsi onun ölkənin siyasi vəziyyəti barədə tənqidi fikirlərilə əlaqədardır.

2011-ci ilin dekabrında, ölkədə keçiriləcək prezident seçkilərinə az qalmış keçmiş nazir "Azadlıq radiosu"na müsahibəsində bildirmişdi ki, Türkmənistanda yalnız prezidentin rəhbərlik etdiyi partiya fəaliyyətdədir. Kommunist Partiyasının bazası əsasında yaradılmış Demokrat Partiyasından başqa digər siyasi təşkilatların yolu isə "bağlanıb". Bu açıqlamadan bir müddət sonra sabiq nazirin qardaşı istintaqa çağırılmış, Hurmuhəmmədovlar ailəsinin tikinti şirkəti isə "qanunu pozduğuna görə" bağlanmışdı.

AzNews.az