Qarabağda döyüşlər başlayacaq

Ermənistanda keçirilən etiraz aksiyaları getdikcə daha da geniş vüsət alır.


Ukraynalı politoloq Vladimir Fesenko hesab edir ki, elektrik enerjisinin qiymətinin artımına qarşı iyunun 19-dan başlayan kütləvi aksiyalar Ermənistan prezidenti Serj Sarkisyanın yürütdüyü istər daxili, istərsə də xarici siyasətində böyük səhvlərin olmasından xəbər verir.

Onun sözlərinə görə, Ermənistanda aksiyaların keçirilməsi ən yaxın tərəfdaşı olan Rusiyanın diqqətini Donbasdan ayıra bilməyəcək.

"Ermənistan geosiaysi baxımından Rusiyadan çox asılıdır. Ermənistanda dəhşətli nəsə baş verməlidir ki, rəsmi Moskva diqqətini Donbasdan ayırıb İrəvana yönəltsin. Amma Rusiya Ermənistana qoşun yeritməyəcək. Onsuzda Ermənistanda hərbi bazaları var və bundan istifadə edəcək".

Ermənistanda davam etdirilən etiraz aksiyalarını Kiyevdəki Maydan hərəkatı ilə eyniləşdirən politoloq Aleksey Qaranın şərhi isə diqqət çəkib. Onun sözlərinə görə, vəziyyət daha da gərginləşərsə, Ermənistan hökuməti ölkədəki aksiyaların qarşısını almaq üçün Dağlıq Qarabağ münaqişəsidən istifadə edəcək.

"Cənubi Qafqazda Ermənistanın düşmən obrazında gördüyü Azərbaycan var. Məhz buna görə də Dağlıq Qarabağ münaqişəsindən erməni müxalifətinə qarşı istifadə edilməsi ehtimalı böyükdür. Yəni Qarabağda döyüşlər yenidən başlayacaq. Hakimiyyət o dəqiqə milli təhlükəsizlik məsələsini ortaya ataraq ölkədə etiraz aksiyaları keçirən müxalifəti Azərbaycanın maraqlarına xidmət etməkdə günahlandıracaq. Bununla da Sarkisyan rejimi müxalifəti gözdən salmağa çalışacaq".

Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu yaxınlarda Naxçıvan sərhəddində olarkən Qarabağda vəziyyətin gərginləşə biləcəyi haqqında açıqlama vermişdi.

"Avropa Oyunları bitəndən sonra Azərbaycan sərhəd ərazilərdə və Qarabağda vəziyyəti kəskinləşdirə bilər. Məncə, Oyunlardan sonra Azərbaycan bu ərazilərdə gərginliyi artıracaq", - deyə Seyran Ohanyan bildirmişdi.

Son günlər Ermənistan tərəfi cəbhə xəttində döyüşlərin getdiyini və itkilərin olduğunu da bildirir.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin bu iddialarına sərt reaksiya verərək bildirir ki, bu məlumatlar dezinformasiya xarakteri daşıyır

"Hazırda Ermənistanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı başlayan kütləvi aksiyalardan qorxuya düşən İrəvanın cinayətkar hərbi-siyasi rejimi əhalinin diqqətini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin intensiv pozulması haqqında mütəmadi olaraq məqsədyönlü surətdə dezinformasiya xarakterli məlumatlar yayır".

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.(Anspress)