Boluda Qarabağ parkı - Fotolar

Bolu bələdiyyəsinin qərarı ilə şəhərin mərkəzi parklarından birinə Qarabağ adı verilib.


AzNews.az xəbər evrir ki, Bolu bələdiyyə başqanı A.Yılmaz bildirib ki, Bolunun Fəxri Vətəndaşı, millət vəkili Qənirə Paşayevanın Bolu bələdiyyəsi ilə görüşdə bu qədim bölgədə Qarabağ adını daşıyan parkın olması və orada Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması təklifini irəli sürüb.

Təklifi bələdiyyə üzvlərilə birlikdə dəstəkləyiblər və Boludan İstanbula gedən yolun kənarında yerləşən parka Qarabağ adının verilməsi qərarını qəbul ediblər.

O, bildirib ki, parkın yerini də millət vəkili Qənirə Paşayeva özü seçib və İstanbula gedən ana yolun kənarında yerləşən parkda Qarabağ, Xocalı Soyqırımına qoyulacaq abidəni daha çox insanın ziyarət edə biləcəyini bildirib.


Bələdiyyə başqanı Qarabağ parkında yerli əhali və jurnalitlər üçün açıqlamasında bildirib ki, artıq Azərbaycandan bu heykəli yüksək səviyyədə hazırlayacaq heykəltaraş da gəlib. O, bu işi həyata keçirəcək heykəltaraşın Boluda fəaliyyətə başlamasından dolayı millət vəkili Qənirə Paşayeva və Azərbaycan Mədəniyyət və Turizm nazirliyinə təşəkkürünü də bildirib.

Millət vəkili Qənirə Paşayeva isə Boluda Qarabağ parkı üçün bələdiyyə başqanı və üzvlərinə təşəkkürünü bildirib. O, deyib ki, parkda ucaldılacaq heykəl sadəcə Qarabağda bitən Xarı Bülbül çiçəyi olacaq. Onun üzərində isə Azərbaycandakı Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidədəki kimi acı çəkən, fəryad edən və dünyaya səslənən analar, Xan qızı Xurşudbanu Natavan, böyük şair Vaqif, Qarabağ muğam üçlüyü, Qarabağ və Şuşanın tarixi yerləri öz əksini tapacaq.

Millət vəkili Q.Paşayeva Türkiyənin müxtəlif bölgələrində Qarabağ adını daşıyan park və abidələrin artmasının dosta da, düşmənə də bir mesaj olmaqla bərabər gənc nəsillərin ortaq tarix və həqiqətlərimizi dərindən bilməsi üçün də önəmli olduğunu deyib.

O, park ərazisində 1918-ci ildə Azərbaycanda erməni terror dəstələrinin, silahlılarının Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirdiyi zaman yardıma gələn Nuri Paşa rəhbərliyində Qafqaz Türk İslam ordusundakı Boluluların adlarının da öz əksini tapmasını təklif edib. "Onları hər zaman rəhmətlə anırıq. Çünki onlar bizə qardaşlığın necə olmasını öyrədən örnəkdirlər".

Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də danışan millət vəkili bildirib ki, "inanıram ki, biz birlik və bərabərlik içində torpaqlarımızı Ermənistanın işğalından tezliklə azad edəcəyik və Dağlıq Qarabağda və bütün işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da tədbirlər, görüşlər keçirəcəyik. İnşallah bir gün işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda da Bolu adına bir parkın açılışında iştirak etməyi Allah bizə nəsib etsin" deyib.

Qardaş Azərbaycana bir müddət əvvəl səfəri zamanı özünü öz evindəki kimi hiss etdiyini deyən bələdiyyə başqanı Alaəddin Yılmaz Qarabağ problemi bizim də, Türkiyənin də problemidir və Boluda Qarabağ adını daşıyacaq parkı yüksək səviyyədə düzəltmək də bizim borcumuzdur deyib.

Parkın və heykəlin qısa zamanda yüksək səviyyədə hazırlanacağını deyən Bolu bələdiyyə başqanı millət vəkilini yaxın zamanlarda keçiriləcək açılış mərasiminə də dəvət edərək inşallah yaxın zamanlarda işğal bitər, azərbaycanlı məcburi köçkün qardaşlarımız evlərinə dönər və orada da birlikdə tədbirlərdə iştirak edərik deyib və bu günə qədər olduğu kimi bundan sonra da Türkiyənin Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacağını deyib.

Dəvəti məmnuniyyətlə qəbul edən millət vəkili Qənirə Paşayeva bu addımın digər bir çox bələdiyyələr üçün də gözəl örnək olacağına inandığını deyib.

Heykəltaraş Akif Əsgərov isə hazırladığı Xarı Bülbül çiçəyi formasında heykəlin maketini göstərərək geniş məlumat verib və jurnalistlərin sualları cavablandırıb.
image description image description image description image description image description image description