Ankara ilə Kreml arasında yeni qarşıdurma

Suriyanın şimalında yerləşən Bayır-Bujaq bölgəsində yaşayan türkmənlər Rusiyanın raket zərbələrinə və Bəşər Əsəd güclərinə müqavimət göstərməkdə israrlı olduqlarını bildirirlər.

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə türkmən könüllülərinin komandirinin müavini Alparslan Çelik bu gün bütün dünyaya ünvanlanmış mesajında bildirib. Türkmən komandir Bayır-Bucaqda türkmənlərin müqavimət hərəkatının dayandırıldığı barədə yayılmış xəbərlərə inanmamağa çağırıb. O, yaşadıqları bölgənin Aralıq dənizi zonasının Çanaqqalası olduğunu bildirib. "Əsədi müdafiə edənlərə və bütün dünyaya səslənirik, hər kəs həddini bilsin. Qanımızın son damlasına qədər, son nəfəsə qədər döyüşəcəyik",- deyə türkmən komandir vurğulayıb.

Alparslan Çelikin video müraciəti:


Bayır-Bucaq bölgəsi Türkiyənin Hatay vilayətinin qərbindəki Yayladağı bölgəsinin sərhədindən başlayaraq Suriyanın Lazkiye şəhəri arasında yerləşir. Bayır və Bucaq adlı iki bölgədən ibarət bir zonadır. Azərbaycan türklərinə yaxın şivədə danışan Bayır-Bucaq bölgəsi türkmənlərinin tarixən yaşadığı bu zona Suriyada baş verən vətəndaş müharibəsinin iştirakçıları üçün həddindən strateji nöqtəyə çevrilib.

Qərbin müəyyən dairələri tərəfindən dəstəklənən İraq və Suriya kürdləri bu bölgəni ələ keçirərək Aralıq dənizinə çıxmaq istəyirlər. Bu planın NATO tərəfindən dəstəkləndiyi barədə xəbərlər də yayılmaqdadır. Bir neçə il qabaq Pentaqon zabitləri tərəfindən yayılmış, Türkiyə, İraq, Suriya və Cənubi Azərbaycan torpaqlarında qurulması nəzərdə tutulan Böyük Kürdüstan xəritəsi də bu dəhlizlə birləşdirilir.

Mosulun zəngin neft yataqlarını ələ keçirmiş İŞİD qruplaşması da bu bölgəni ələ keçirməkdə maraqlıdır. Çünki əldə etdiyi nefti Aralıq dənizi vasitəsi ilə dünya bazarlarına çıxarmaq istəyir. Hər iki qüvvənin Kobani uğurunda apardığı qanlı müharibə də bu dəhlizə yaxın bölgəni ələ keçirməklə bağlı idi.

İndi bu bölgəyə göz tikən üçüncü qüvvə ortaya çıxıb və bu, Rusiyadır. Rusiya həmin bölgədə Əsəd rejiminə qarşı mübarizə aparan türkmən könüllü dəstələrini məhv etməklə bölgəni yenidən Bəşər Əsədin nəzarətinə qaytarmaq istəyir. Rusiya gəmilərinin Xəzərdən həyata keçirdiyi raket atəşləri də məhz bu məqsədə xidmət edir. Xəzərdə Rusiya gəmilərinə yer vermiş İranın Əsəd rejiminə quru əməliyyatlarında da yardım etdiyi bildirilir.

Göründüyü kimi, Bayır-Bucaq türkmənləri bir neçə beynəlxalq güclə üz-üzə qalıb və hətta Türkiyə belə Azərbaycanın böyük şairi, Hələbdə dərisi soyulmuş İmadəddin Nəsiminin yadigarı olan bu türk toplumunu layiqincə qoruya bilmir. Nəsiminin xatirəsi Bayır-Bucaq türkmənləri tərəfindən hələ də əziz tutulur.

Düzdür, Ankara Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu çağıraraq avia zərbələrlə bağlı etirazını bildirib. Amma millət vəkili Fazil Mustafa bu məsələyə Azərbaycanın da qoşulmasını vacib sayır. "Bayır-Bucaq türkmənlərinin yox olması Suriyada türk izinin yoxa çıxması deməkdir. Azərbaycanın istər ictimaiyyəti, istərsə də rəsmi dairələri Moskvanın bu addımına etiraz bildirməlidir. Bu, gələcəkdə bizi Cənubi Azərbaycanda da oxşar problemlərlə üz-üzə qoya bilər",- deyə millət vəkili bildirib.

Millət vəkilinin fikrincə, istər Rusiya, istrə İran, istər İŞİD, istərsə də qərb bu məsələdə Yaxın Şərqdən türk izini silmək istəyən Böyük Orta Şərq layihəsinə xidmət edir: "Türkiyədə yaşanmış 6 aylıq hakimiyyətsizlik vəziyyətin nəzarətdən çıxmasına gətirib. Ankara əgər yenə də türk həmrəyliyi siyasətinə laqeyd qalıb əvvəlki siyasətini yürüdəcəksə, bu məsələdə vəziyyət daha da pisləşəcək".

Azərbaycan da bu məsələdə siyasi iradə göstərməli, Suriyada yaşanan türkmən qırğının dayandırılması üçün Moskvaya təzyiq göstərməlidir. Bu məsələdə MDB məkanının Qazaxıstan, Qırğıstan və Özbəkistan kimi ölkələrinin də dəstəyinə nail olunmalıdır. Əks halda, türk düşmənlərinin yüz illərdən gələn arzuları çin olacaq və Ön Asiyada türk izləri yoxa çıxacaq.