Qənirə Paşayeva çağırış etdi: “Bu acıya həssaslıq göstərin”

Kahramanmaraşda keçirilən 2-ci Beynəlxalq Kitab Fuarında iştirak etmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva Türk dünyası siyasətçiləri, aydınları, yazar, şair, araşdırmaçı və jurnalistlərinə üz tutaraq Türk dünyasının müxtəlif bölgələrində yaşanan ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb.


AzNews.az xəbər verir ki, Q.Paşayeva çıxışında "Bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq" deyib: "Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq".

Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib.

Qənirə Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.