“Türkiyə Rusiya ilə arasında baş verən hadisələrə görə məyus olub“

“Türkiyə Rusiya ilə arasında baş verən hadisələrə görə məyus olub. İki ölkə bir - biri üçün əhəmiyyətlidir”.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir şəhərində təşkil edilən mitinqdə deyib. Ərdoğan bildirib ki, oxşar hadisənin bir daha təkrarlanmayacağına ümid edirik.

"Bu hadisə bizi çox məyus etdi. Rusiya ilə açıq qalan suallara bazar ertəsi Parisdə beynəlxalq iqlim sammitində cavab tapmaq olar. Ölkələr arasında soyuq münasibətdən heç bir tərəf sevinmir".

Rusiya mətbuatı yazır ki, Ərdoğan iqlim sammitini Putinlə münasibətlərin düzəlməsi üçün ümid yeri hesab edir. Amma Ərdoğanın ümidləri özünü doğrultmaya bilər. Çünki beynəlxalq sammitdə Rusiya və Türkiyə prezidetləri ayrı-ayrı salonlarda olacaqlar.

Məlumata görə, dövlət başçıları birlikdə şəkil çəkdirdikdən sonra Ərdoğan və Putin 2 ayrı salona yerləşdiriləcəklər.

Vladimir Putin və ABŞ prezidenti Barak Obama eyni salonda olacaqlar. Liderlərin toplantısı Fransa prezidenti Fransua Olland və Birləşmiş Millətlər Təşkilatının rəhbəri Pan Gi Munun çıxışları ilə başlayacaq. Sammitdə 147 ölkənin lideri iştirak edəcək.

Liderlər birlikdə günorta yeməyi yeyəcəklər. Burada da Ərdoğan və Putinin yanaşı olması nəzərdə tutulmayıb.

Ölkələr arasında bu gərginliyə səbəb isə bir neçə gün əvvəl Türkiyə qırıcılarının Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurması olub. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhədi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.

Vurulan "Su-24" də iki pilot olub. Pilotlardan biri paraşütlə yerə enərkən türkmənlər tərəfindən vurulub. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya arxdan vurulan zərbə adlandırıb.

Hadisədən sonra Rusiya və Türkiyə arasında iqtisadi və siyasi əlaqələrdə soyuqluq yaranıb. ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyib.