UEFA Rusiyanı Millətlər Liqasından uzaqlaşdırıb

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini 2024/25 Millətlər Liqasının püşkatma mərasiminə daxil etməyib.

Aznews.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2024/25-ci illər Millətlər Liqasında 54 komanda iştirak edəcək. Turnir 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin bir hissəsi olacaq.

Qeyd edək ki, Millətlər Liqası 2018-ci ildən keçirilir. Turnirin keçirilməsində məqsəd milli komandalar arasında yoldaşlıq görüşlərini bərabər rəqiblərlə rəsmi oyunlarla əvəz etməkdir.

İndiyə qədər turnirin qalibi Portuqaliya, Fransa və İspaniya komandaları olub.

Xatırladaq ki, bundan öncə 2022-ci il fevralın 28-də UEFA və Beynəlxalq Futbol Federasiyası Rusiya klublarının və milli komandalarının beynəlxalq oyunlarda iştirakını dayandırıb. Təşkilatların qərarını Ukraynadakı vəziyyət müəyyən edib.

Rusiya komandası son Millətlər Liqasında çıxış etmədiyi üçün B Divizionundan C Divizionuna düşüb.