Əhmədinejad küçədə öldürülüb?

Keçmiş İran prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər yalan çıxıb.
Son günlər sosial şəbəkələrdə və bəzi İranyönümlü səhifələrdə onun İsrailin zərbələri nəticəsində öldürüldüyünə dair məlumatlar yayılıb. Lakin bu iddialar nə rəsmi mənbələr, nə də beynəlxalq informasiya agentlikləri tərəfindən təsdiqlənib.

İsrailin İran ərazisində həyata keçirdiyi əməliyyatlar çərçivəsində Əhmədinejadın hədəf seçildiyi, lakin onun sağ-salamat olduğu bildirilir.

İran mediası və beynəlxalq nəşrlər bu xəbəri təkzib edərək onunla bağlı yayılan “öldürülüb” tipli məlumatların dezinformasiya xarakteri daşıdığını qeyd edir. Məlumata görə, Əhmədinejadın avtomobili və ya olduğu məkan izlənilib və ola bilsin ki, hücuma məruz qalıb, lakin sabiq prezidentin həyatda olduğu dəqiqliklə bildirilir. Eyni zamanda qeyd olunur ki, son beş gün ərzində İsrailin İrana qarşı endirdiyi zərbələr nəticəsində bir sıra tanınmış şəxslər, xüsusilə də İslam Respublikasının hərbi və nüvə strukturlarında mühüm vəzifələr daşımış fiqurlar hədəf alınıb və onlardan bəziləri öldürülüb.

Həqiqi itkilərdən biri İran Atom Energetika Təşkilatının sabiq rəhbəri Fəraydun Abbasidir. O, İsfahanda baş vermiş hava zərbəsində həlak olub. Onun adı 2010-cu ildən bəri İranın nüvə proqramında mühüm rol oynamış şəxslər siyahısında yer alırdı. Məhz bu səbəbdən onun İsrailin prioritet hədəflərindən biri olduğu ehtimal edilir. Əhmədinejadın ölümü ilə bağlı yayılan xəbərlərin isə əsasən qeyri-rəsmi, yoxlanılmamış sosial media kanallarında ortaya çıxdığı və qısa müddət ərzində regionda informasiya çaşqınlığı yaratdığı müşahidə olunub. (musavat.com)

***

İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Vista.ir məlumat yayıb.

İddiaya görə, sabiq dövlət başçısı Tehranda küçədə gəzdiyi zaman qətlə yetirilib. Sayt hadisə ilə bağlı məlumatın rəsmi qurumlar tərəfindən hələlik təsdiq və ya təkzib olunmadığını bildirir.

Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İran İslam Respublikasının Prezidenti olub. Növbəti seçkilərdə prezident seçkilərində iştrak üçün müraciət etsə də Konstitusiya Keşikçiləri Şurası tərəfindən qadağa ilə üzləşib.

AzNews.az

Close menu