Rəqqasə Fatimə pulu çətinliklə qazanır

Rəqqasə Fatimə Fətəliyeva sonuncu dəfə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında verdiyi solo-konsertindən sonra ona yaradıcılıq işləriylə bağlı təkliflərin gəldiyini deyib. AzNews.az-a danışan F.Fətəliyeva bildirib ki, bu təkliflər yenidən solo-konsert verməyimlə bağlıdır. Amma rəqqasə eyni üslubda konsert proqramıyla çıxış etmək fikrində deyil:

"Qızım gələn il universitetə hazırlaşır. Onun həm atası, həm də anası mənəm. Hazırda da fikrim-zikrim qızımdır. Bütün diqqətimi ona yönəltmişəm. İstədiyi universitetə qəbul olacağını əminəm. O, 2-ci qrup ixtisaslarına uyğun fakültələr seçmək istəyir. Bu baxımdan fərqli repertuarla, rəqslərlə konsert proqramıyla çıxış etmək istəyirəm ki, bunun üçün də pul-para lazımdır. Ailə məsələlərində pula ehtiyac olduğu üçün yaradıcılığıma vəsait ayıra bilmirəm".

Rəqqasə onu da qeyd edib ki, növbəti solo konsertinə xüsusi diqqət ayıracaq:

"Bu il üçün konsert gözlənilmir. Növbəti ildə möhtəşəm konsert proqramıyla çıxış edəcəyəm. Sonuncu konsertimin reklamını doğru-dürüst reklam edə bilmədim. Müğənnilər bəsit proqramla tamaşaçı qarşısına çıxır və özünü elə reklam edir ki, guya, möhtəşəm nə isə olub".

Fuad Mədətov
AzNews.az