Xoşqədəm Hidayətqızının “dublikat”ı

Seymur Verdizadə


Söz azadlığını gec əldə etməyimiz bəzi nailiyyətlərdən vaxtında xəbər tutmağımıza mane oldu. Qonşu ölkələrdə fəaliyyət göstərən telekanallar tok-şoular vasitəsilə alternativ fikri inkişaf etdirəndə biz hələ kolxoz və sovxozlardan hazırlanmış yeknəsək reportajlarla tamaşaçıların başını qatmağa çalışırdıq. Bunun nəticəsi isə o oldu ki, bir müddət sonra efir məkanını xarici telekompaniyalara təslim etdik.

Amma ötən illərlə müqayisədə indi vəziyyət xeyli yaxşıdır. Doğma efirdən üz döndərən tamaşaçıların çoxu "geri qayıdıb". Xarici telekanallar indi təhlükəsizliyimizi əvvəlki illərdə olduğu qədər təhdid edə bilmirlər. Obrazlı desək, insanlarımız artıq öz ocağımızın başına toplaşıb. Hətta bu ocağın şölələri Azərbaycanın efir məkanına göz dikən bəzi bədxahlarımızın gözlərini qamaşdırmağa başlayıb...

Azərbaycan telekanallarının uğurundan danışanda tanınmış jurnalist Xoşqədəm Hidayətqızının müəllifi və aparıcısı olduğu "Səni axtarıram" verilişini yada salmamaq ədalətsizlik olardı. Sözsüz ki, "Səni axtarıram"ın ən böyük uğuru Azərbaycan tamaşaçısını doğma efirə qaytarmasıdır. Xoşqədəm Hidayətqızı sübut etdi ki, nəinki yerli telekanallardan üz döndərmiş insanları geri qaytarmaq olar, hətta qonşu ölkələrin tamaşaçılarını da Azərbaycana məxsus olan bir televiziya verilişinin işığına toplamaq mümkündür.

Razıyam, Xoşqədəm xanım "Səni axtarıram"ın ilk buraxılışlarını efirə hazırlayanda qonşu ölkələrdə populyar olan analoji verilişlərin təcrübəsindən istifadə edib. Bunu onun özü də dəfələrlə dilə gətirib. Amma söhbət ondan gedir ki, "Səni axtarıram" həmin verilişlərin kölgəsində qalmadı, əksinə, böyüyüb onlarla bir sırada dayanmağı bacardı. "Səni axtarıram"ın bu gün bütün dünyada məşhur olan "Jdi menya" verilişi ilə əməkdaşlıq etməsi də bunu sübut edir.

Yaxşı nümunələrin təbliğ olunmasına ehtiyac var. Yəni, hansısa jurnalistin öz təcrübəli həmkarından nəyisə əxz etməsində qəbahət görmürəm. Amma populyar bir verilişi olduğu kimi təqlid etmək, eyni ideya ilə yola çıxmaq doğru deyil. Bəlkə də bir neçə gün əvvəl ATV-də "Öz aramızda" verilişinin yeni mövsümdə efirə gedən ilk buraxılışını izləməsəydim, indi bu qədər bədbin olmazdım. Açığı, əvvəl elə bildim ki, "Səni axtarıram"ın adı dəyişib. Amma tamaşaçıları Xoşqədəm Hidayətqızının deyil, Zaur Baxşəliyevin salamladığını görəndə, yanıldığımı başa düşdüm. "Səni axtarıram"ın çəkiliş meydançasında çox olduğum üçün əminliklə deyə bilərəm ki, Zaur dostumuz studiyanın tərtibatını dəyişməyə belə lüzum görməyib. Divarlardakı şəkillərə qədər hər şey "Səni axtarıram"ın studiyasını xatırladır. "Səni axtarıram"ın çəkiliş meydançasında dəfələrlə yanaşı əyləşdiyim ekspertləri görəndə isə təəccübüm daha da artdı. Zaur Baxşəliyev hətta musiqi seçimində də özünə əziyyət verməmişdi. Son 3 ildə "Səni axtarıram"ın efirində ən azı yüz dəfə səslənən məşhur türk melodiyası bu dəfə "Öz aramızda" verilişinin tamaşaçılarını xəyala qərq etmişdi...

Yaradıcı insan həm də yenilikçi olmalıdır. Amma ölkədə populyar olan bir verilişin ideyasını mənimsəmək, eyni səhnə tərtibatı, eyni musiqi, eyni ekspertlərlə yola çıxmaq yenilik deyil, təqlidçilikdir. Şəxsən mən kiminsə Xoşqədəm xanımı təqlid etməklə uğur qazanacağına inanmıram. Çünki tamaşaçılara Xoşqədəm Hidayətqızının "dublikat"ı deyil, özü lazımdır. Onun görüş vaxtı isə hamıya bəllidir. Tamaşaçını çaşdırmağa ehtiyac yoxdur.