İlhamə Quliyevanın brilliant qalmaqalı

"Yaşın nə fərqi var"... Musiqisi Novruz Aslana məxsus olan və xalq artisti İlhamə Quliyevanın repertuarında sevilə-sevilə ifa olunan bu mahnı şou dünyasında dəhşətli bir qalmaqalın bünövrəsini qoydu.

Bu dəfə üz-üzə xalq artisti İlhamə Quliyeva, Aygün Kazımova və Elton Hüseynəliyev gəlib. Belə ki, A.Kazımova E.Hüseynəliyevlə "Yaşın nə fərqi var" demək istəyib. Yəni, duet oxuyacaqlar. Amma İlhamə xanım bu mahnını oxumaq üçün yalnız həmkarı A.Kazımovaya xeyir-dua verib. Primadonna E.Hüseynəliyevin adını eşidən kimi tüstüsü başından çıxıb: "Mən xəstə yatdım. Bir dəfə də Elton yanıma gəlmədi. Maraqlanmadı. Onu Elton edən mən olmuşam. O, nə vaxt mənim bağıma gələr, özü də mənim istədiyim brilyant üzük hədiyyə gətirər, günahlarını yuyar, ondan sonrasına baxarıq"

Bütün bunların nə dərəcədə düzgün olub-olmadığını araşdırmaq üçün Xalq artisti İlhamə Quliyeva ilə əlaqə saxladıq. İlhamə xanım AzNews.az-a səhhəti ilə əlaqədar danışa bilməyəcəyini bildirdi: "Mən hələ ki, müalicə olunuram. Xahiş edirəm, bu məsələlərlə bağlı Lamiyyə xanımla əlaqə saxlayın. O, bütün suallarınızı cavablandıracaq".

İlhamə Quliyevanın prodüseri Lamiyyə Ələkbərova AzNews.az-a açıqlamasında deyilənləri təsdiq etdi: "İlhamə xanım deyir ki: "Mən bu qədər xəstə yatdım. Amma Elton bir dəfə də qapımı açıb içəri girmədi. Halımı soruşmadı. Məni ziyarət etmədi. Niyə? Sual yaranır. O, sualın cavabını verməlidir. Elton mənim yetirməmdi. Yanıma gəlməyib, səhhətimlə maraqlanmayıb, amma mahnımı oxumaq istəyir?"".

L.Ələkbərova İlhamə Quliyevanın Eltonun qarşısına şərt kimi qoyduğu brilyant üzük məsələsinə də aydınlıq gətirdi: "İlhamə xanım brilyant üzük məsələsini zarafat elədi. Dedi ki, "Elton indi təzədən ziyarətimə gələr, hələ üstəlik bir brilyant üzük də gətirər, sonra baxarıq". Bax bundan sonra da söz-söhbət oldu. Amma bütün bu söz-söhbətdən sonra da Elton yenə də İlhamə xanımı ziyarət etmədi".

Elza
AzNews.az