Müğənnilərin davasına yazıçı da qoşuldu: “Onlar fəxri adları da təhqir edir”

Xalq artisti İlhamə Quliyeva ilə bəstəkar-müğənni Elza Seyidcahan arasında gedən qalmaqal davam edir. Parlament seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlayan E.Seyidcahan İ.Quliyeva tərəfindən təhqir olunub.



AzNews.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya Şöbəsinin rəhbəri Firuz Mustafa sənətçilər arasında gedən qalmaqala münasibət bildirib. O, qeyd edib ki, müğənnilər özləri ilə yanaşı, həm də dövlətin onlara verdiyi fəxri adları təhqir edir:
"Bir çox titullu, çinli, orden-medallı müğənnilərimiz (onların arasında gənclərlə yanaşı, ağbirçək və ağsaqqallar da var) mətbuatda bir-birlərini ən iyrənc ifadələrlə təhqir edirlər. Onlar bu minvalla təkcə özlərini və ətrafdakıları deyil, həm də dövlətimiz adından verilən fəxri adları təhqir edirlər".

F.Mustafa baş verənlərin qarşısını almaq üçün maraqlı təkliflə çıxış edib: "Bilmirəm belə bir təklifə münasibətiniz necə olacaq? Bəlkə bu fəxri adların, təltiflərin verilməsi dayandırılsın? Axı nə Yaponiyada "xalq artisti" var, nə İtaliyada, nə İslandiyada, nə də onlarla digər ölkədə".

Qeyd edək ki, İ.Quliyeva E.Seyidcahanın parlament seçkilərində iştirak edəcəyini eşidəndə "başına məşəl yerinə qəlyan qoyub millət vəkili olmaq istəyirlərsə, vay o Milli Məclisin, deputatların halına" deyərək onu meymun adlandırıb.

E.Seyidcahan isə "Ağıl yaşda yox, başdadır. Azərbaycan bayrağını təhqir edən, məşəli qəlyan adlandıran birini məhkəməyə vermək lazımdır"-deyə bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az